Ötən gün Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüşüb.
Ucnoqta.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Elşad Nəsirov, Elmar Məmmədyarov, İskəndər Cavadov, Vaqif Sadıqov, Qurban Qurbanov və AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.
R.Abdullayev dünya çempionatının seçmə mərhələ oyunlarının son dərəcə vacib olduğunu bildirib, bütün futbolçuların qarşılaşmalara yüksək səviyyədə köklənməsinin önəmini vurğulayıb. Baş məşqçi ilə ayrıca görüşdüyünü qeyd edən assosiasiya prezidenti komandaya böyük ümidlər bəslədiyini qeyd edib. E.Məmmədyarov, İ.Cavadov, V.Sadıqov və Q.Qurbanov çıxış edərək futbolçulara uğurlar arzulayıb.
Baş məşqçi Robert Prosineçki və millinin kapitanı Rəşad Sadıqov AFFA rəhbərliyinə xoş arzulara görə təşəkkür edib, dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San Marino yığmasına qalib gəlmək üçün bütün futbolçuların böyük əzmlə hazırlaşdığını, komandada yüksək əhval-ruhiyyənin olduğunu deyib.