Bakının susuz qalmasının səbəbi... - “Azərsu”nun məsuliyyətsizliyi, yoxsa qəza?

16:10 - 29 Avqust 2016 - ÖLKƏ İÇİ

Yayın ən qızmar ayı olan avqustda paytaxt Bakı susuzluqla üz-üzə qaldı. Ucnoqta.az “qafqazinfo”yə istinadən xəbər verir ki, paytaxtın Yasamal, Xətai, Binəqədi, Nərimanov, Nizami kimi iri rayonları günlərcə susuz qaldı. Avqust ayının 19-dan etibarən başlayan problem bu günə kimi hələ də tam həllini tapmayıb. “Azərsu” ASC-nin qaynar xəttinin abonentlərə verdiyi cavab isə qənaətbəxş deyil. Problemin təzyiqlə bağlı olduğu deyilirdi. Beləliklə, gün ərzində yalnız 1-2 saat mənzillərə su verilirdi.

Minlərlə abonentin susuz qalması isə ciddi narahatlıq yaradan məsələyə çevrilib. Baxmayaraq ki, suyun qiyməti də iyul ayından etibarən nə az, nə çox 39 faiz qaldırılıb. Əvvəl suyun hər kubmetrinə 36 qəpik verən abonent indi daha artıq, yəni 50 qəpik ödəməli olur. Yəni abonentin cibindən 39 faiz artıq pul çıxır, amma keyfiyyətli xidmətin şahidi olmur.
Nəzərə alsaq ki, “Azərsu” dövlət qurumudur. Hər il dövlət büdcəsindən bu quruma milyonlarla pul ayrılır. Bundan əlavə, dövlət zəmanəti ilə iri həcmli kreditlər götürülür.
Xatırladaq ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 2011-ci ilin dövlət büdcəsindən 3 054 066 manat, su təchizatı qurğularının istismarı və xidməti üzrə bələdiyyələrə göstərilən maliyyə yardımı ilə bağlı xərclərə isə 776 951 manat vəsait ayrılıb. 2012-2013- cü ilin büdcəsindən isə “Azərsu” ASC-yə 20 000 000 manat ayrılıb. 2015- ci ilin dövlət büdcəsindən 16.192.268,0 manat , 2016-cı ilin dövlət büdcəsindəm isə 13.824.432,0 manat vəsait ayrılıb. 
Bundan əlavə, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası üçün 87 mln, Bakının 11 rayon mərkəzinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrası üçün bu quruma 181,112 mln manat vəsait ayrılıb.
Bu qədər milyardların xərcləndiyi bir qurumun isti günlərdə istehlakçıları susuz qoyması narazılıq predmetinə çevrilib.
Problemlə bağlı “Qafqazinfo” ya danışan iqtisadçı ekspert İlham Şaban bildirib ki, “Azərsu”, “Azəriqaz”, “Azərişıq” kimi kütləvi istehlakçılara xidmət göstərən qurumlar monopolist təşkilatlardır: “ Yəni istehlakçıların alternativ seçimi yoxdur. Onlar monopolistdən asılıdır. Xidmət haqlarının artırılmasına baxmayaraq fövqəl vəziyyətlərlə üzləşdiyi anda vəziyyətdən qısa müddətdə çıxa bilmirlər. Tarif Şurası qiymətlərin artırılması ilə bağlı hissədə göstərmişdi ki, artırılan qiymət istehlakçıya göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə yönəldiləcək. Ancaq biz bunu hələ ki, müşahidə edə bilmirik. Bu təkcə “Azərsu”nun problemi deyil. Azərbaycanda monopolist olan qurumların əksəriyyətində biz bu kimi halları müşahidə edirik.
Məsələn, mənim mənzilimdə hər ay 4.50 qəpik su sərfiyyatı olur. Qiymət artımından sonra 456 kub metr su sərfiyyatı yazıldı. Yasamal Su İdarəsindən dedilər ki, rəqəm kompüterdə səhv düşüb. Axı burada insan faktoru var. Kompüter öz-özündən yazmır ki. Birdən-birə sərfiyyat 15 dəfə necə arta bilər? Bəyəm hökumət evində fabrik açmışam? Sanki talon verirlər. Bu işə məsuliyyətsiz yanaşmağın nəticəsidir”.
Ekspert xatırladıb ki, 2011-ci fevral ayında Nazirlər Kabineti “Azərsu” nun bütün borclarını sildi: “ Üstündən 5 il keçəndən sonra “Azərsu” Tarif Şurasına müraciət edir ki, bu tariflərlə heç bir şeyi idarə edə bilmir. Tarif Şurası da çox böyük faizlə qiymətləri artırdı. Bəs bu tariflərlə “Azərsu” nun fəaliyyəti rentabellidirmi? Mən sizi inandırıram ki, bu tariflərlə də onların fəaliyyəti rentabelli deyil. Adi istehlakçı, bir aptekçi, dəlləkçi də sudan istifadə edir. Ancaq adi istehlakçı suya 50 qəpik ödəyir. Amma hüquqi şəxslər iki manat ödəyir. Yəni 4 dəfə çox. Hüquqi şəxslər 4 dəfə baha ödəyəndə nə baş verir ki?

Xaricdə isə belə yanaşma yoxdur. Hətta xaricdə kommersiya təşkilatlarına kommunal xidmətləri daha ucuz təklif edirlər. Çünki onlar daha çox istifadə edirlər. Azərbaycanda isə heç bir şeyin rentabelliyi olmur. Sonra ortaya məsələ çıxır ki, hamı-hamıya borcludur. Bu sistem nə qədər ki dəyişilməyib, islahatlar aparılmayıb bunlar heç vaxt rentabelli işləyə bilməyəcəklər, keyfiyyətli xidmət də olmayacaq”.
“Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı “Qafqazinfo”ya bildirib ki, artıq magisrtral xətlərin birində baş verən qəza tam aradan qaldırılıb: “Qəza baş verən günlərdə fasiləsiz su alan ərazilərimizi fasiləli rejimə keçirtmişdik. Bəzi yerlərdə də qrafiklərdə dəyişiklik baş vermişdi. Artıq bu məsələlər tam aradan qalxıb. Bakıya da əvvəlki qaydada su verilir”.
O qeyd edib ki, magistral xətdə qəza baş verirsə, problemin tez müddətdə aradan qaldırılması mümkünsüzdür. Təkcə xəttin boşaldılması bir sutkaya yaxın vaxt aparır. Sonra orada qəzanı müəyyən edirik. Daha sonra xəttin su ilə doldurulması prosesi iki dəfə çox vaxt aparır. Xətdən havanı çıxartmaq laızmdır. Çünki hava qalsa, yenidən qəza olacaq. Qəzanın baş verməsi 3 saat vaxt aparırsa, rejim pozğunluğunun aradan qaldırılması, şəhərdəki rejimlərin tənzimlənməsi 3 sutka vaxt aparır. İndi bu baş verən qəza 1200-lük xəttdə idi.  Xətti bütün bağlayandan sonra təmir-bərpa işləri aparıldı. Suyun tam boşaldılması 20 saata yaxın vaxt apardı. Daha sonra iki-üç sutka isə təmir işlərinə, rejimin bərpa olunmasına sərf olundu. Hidrolik rejimləri tənzimləmək çətindir”.
A. Cəbrayıllı suyla bağlı xidmətin keyfiyyətinin aşağı olmasına da münasibət bildirib: “Oğuz-Qəbələ su kəməri, Ceyranbatan su anbarı istifadəyə veriləndən Bakı şəhərində fasiləsiz su alan yerlərin faizi 38-dən 80 faizə qaldırılıb. Bu keyfiyyət deyilmi? Əgər vətəndaş əvvəllər Badamdarda  iki-üç gün bir su alırdısa, indi səhər-axşam su alırsa bu kefiyyət deyilmi? Əgər Yasamal rayonunun bəzi küçələri fasiləsiz su alırsa, bu keyfiyyət deyilmi? Bu gün “Azərsu”nun əhaliyə verdiyi suyun keyfiyyətində  heç bir problem yoxdur. Dövlət standartlarına uyğundur. Keyfiyyəti kifayət qədər artırmışıq və bu istiqamətdə də işlərimiz davam edir”.

Xəbər xətti