“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təriqətləri, dini konfessiyaları, cərəyanları qeydiyyata almır. Komitə yalnız dini icmaları qeydiyyata alır. İndiyədək üzvləri nurçu olan dini icma qeydiyyata alınmayıb”.
Ucnoqta.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov deyib.
O, xatırladıb ki, komitə nurçulara məxsus dini ədəbiyyatların ölkəyə idxalına məhdudiyyət qoyub: “Bu proses uzun illərdir ki, davam edir”.
G.İsmayılov vurğulayıb ki, xurafatla bağlı bəzi narahatlıqlar mövcuddur: “Din pərdəsi altında qadın hüquqlarına təhdidlər, eyni zamanda dünyəvi təhsilə qarşı kiçik qruplar tərəfindən çıxışlar varsa, tədbirlər görülür. Erkən nikahla da bağlı narahatlığımız var. Amma əvvəlki illərlə müqayisədə irəliləyiş əldə etmişik”.