“Hələ ilk oyunda sübut etmişdik ki, “Göteborq”dan daha yaxşı komandayıq. Səfər oyununda rəqibin bəxti gətirmişdi”. Bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.Təcrübəli qapıçı Avroliqanın pley-off mərhələsinin cavab görüşündə “Göteborq” üzərində qazanılan 3:0 hesablı qələbəni belə şərh edib: “İsveçdə də qələbə qazanmalıydıq. Lakin şanslarımızı boşa verdik. Bu dəfə eyni səhvi təkrarlamadıq. İlk dəqiqələrdən rəqibə qarşı üstün oynadıq və layiqli qələbə qazandıq. 3 qol vurduq. Amma hesab arasındakı fərq 5-6 top ola bilərdi. Bunun üçün şanslarımız da var. Yenidən qrup mərhələsinə yüksəldiyimiz üçün sevinirəm”.
“Qarabağ”ın “1 nömrə”si komandasının qol şanslarını boşa verməsinin səbəbini belə izah edib: “Dəqiq səbəb demək çətindir. Bəlkə də İsveçdəki oyunda uduzmağımıza səbəb “Viktorya Plzen”lə görüşdən sonrakı məyusluq idi. Ola bilər ki, görüşə 100 faiz köklənə bilməmişdik. Səfərdə də üstünlük bizdə idi. Topaz nəzarət 70-in 30-a bizim xeyrimizə idi. Yeganə çatışmayan qol olmuşdu. Cavab matçında hər kəs gücümüzü gördü”.
İbrahim Şehiç komandasının növbəti hədəfinin qrupdan çıxmaq olduğunu vurğulayıb: “Qrupdan çıxmaq istəyirik. Bunun üçün səylə çalışırıq. Əvvəlki 2 ildə belə şansımız var idi. Hər iki halda məsələ son turda həll olundu. Əvvəlcə “İnter”lə görüşdə, ötən il də “Anderlext”lə oyunda qalib gələ bilmədik. Artıq qrupu keçmək zamanıdı. Bu dəfə uğur qazanacağımıza inanıram”.
Bosniyalı qolkiper sonda “Qrupda hansı komandalarla qarşılaşmaq istərdin” sualını belə cavablandırıb: “Rəqiblərin ciddi fərqi yoxdur. Ötən il “Tottenhem”, “Anderlext” və “Monako” ilə eyni qrupda yer aldıq. Püşkatmadan sonra çoxları şansımızın olmadığını deyirdi. Amma biz sona qədər qrupdan çıxmaq uğrunda mübarizə apardıq. Yalnız “Tottenhem”dən bir qədər geri qalırdıq. “Monako” və “Anderlext”lə aramızda ciddi fərq yox idi. Bakıda istənilən rəqibə qalib gələ bilərik”.futbolxeber.az