Leysan yağışlarında qəzalı vəziyyətə düşən körpü bərpa edilib- Tovuzda

13:25 - 26 Avqust 2016 - ÖLKƏ İÇİ

Tovuz rayonunun Əlibəyli kəndi ərazisində leysan yağışları nəticəsində qəzalı vəziyyətə düşən körpü bərpa edilib. Körpü 17 km uzunluğunda olan Hacallı-Təpəbaşı avtomobil yolunun 5-ci km-də Tovuz çayı üzərində yerləşir. İkiaşırımlı dəmir-beton konstruksiyalı körpünün uzunluğu 27 metr, eni isə7 metrdir. Bu, "Azəravtoyol" ASC-dən Ucnoqta.az-a daxil olan məlumatda qeyd edilib. 

Aparılmış işlər zamanı körpünün kənar dayaqları bərpa edilib, bünövrəsinə beton məhlul tökülərək bərkidilib, yeni su tənzimləyici qurğular inşa edilib. Bundan başqa, körpünün yanaşma yollarında da bərpa işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib.
Körpünün hərəkət hissəsi də əsaslı şəkildə bərpa olunaraq asfatlanıb, hər iki tərəfdə monolit betonla təkərqaytaranlar inşa edilib və yeni mühəccərlər quraşdırılıb.
Qeyd edək ki, bu ilin yaz-yay aylarında yağan leysan yağışlarının çaylarda suyun səviyyəsini artırması nəticəsində Tovuz çayı üzərində yerləşən avtomobil körpüsünün dayaqları və su tənzimləyici qurğuları yuyularaq qəza vəziyyətinə düşmüşdür.


Xəbər xətti