Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bu ilin avqust ayının 1-dən 21-dək olan müddətdə respublikanın şəhər və rayonlarında keçirilən reydlərin nəticələrinə dair məlumat yayıb.
BDYPİ-dən “Report”a daxil olan məlumatda bildirilib ki, avqust ayının əvvəlindən başlanılaraq ölkə ərazisində yol hərəkəti təhlükəsiziliyinin təmin edilməsi, o cümlədən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məsul vəzifəli əməkdaşları tərəfindən respublikanın şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının əməkdaşları ilə birlikdə avtomobil yollarında yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı geniş miqyaslı reydlər təşkil olunub. Belə ki, avqust ayının 1-dən 21-dək olan müddətdə keçirilən reydlər zamanı 203 minə yaxın yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 1000-ə yaxın, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə 110 mindən çox, nəqliyyat vasitələrinin idarə etmə hüququ olmadan idarə edilməsi üzrə 700-dən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 10 mindən çox, yol ayrıcını keçmə qaydalarının pozulması üzrə 10 minə yaxın, svetoforun qadağanedici işarəsinə əməl edilməməsi üzrə 4 mindən çox, qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitələrini texniki baxışdan keçirmədən idarə edilməsi üzrə 9 mindən çox və s. qayda pozuntusu aşkarlanıb.
Təkcə avqust ayının 20-dən 21-dək (həftənin şənbə və bazar günləri) keçirilən reydlər zamanı 22 mindən çox qayda pozuntusu, o cümlədən yol-nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə təsir göstərən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi üzrə 155 fakt, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi üzrə 10 mindən çox, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma qaydalarının pozulması üzrə 500-dən çox qayda pozuntusu aşkar edilərək təqsirkar sürücülər inzibati məsuliyyətə cəlb olunublar.
“Bununla yanaşı bildiririk ki, yol hərəkəti qaydalarının tələblərini pozan sürücülərə qarşı reydlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini tövsiyə edir. Bununla da sürücülər həm özlərinin, həm də hərəkətin digər iştirakçılarının həyat və sağlamlıqlarını təhlükədən xilas etmiş olurlar”, - məlumatda bildirilib.