Azərbaycanlı cüdoçu: "Vaxt az idi, istirahətə imkan olmadı"

14:30 - 12 Avqust 2016 - İDMAN

 "İlk görüş rus idmançısına qarşı oldu. İki ay əvvəl Bakıdakı "Böyük Dəbilqə" yarışında ona uduzmuşdum. Rio-de-Janeyroya gəlməkdə məqsəd qələbə qazanmaq idi"."Report"un məlumatına görə, bunu gənclər və idman nazirliinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında "Rio-2016"da çıxışını başa vuran azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev deyib.

Görüşlərin ağır keçdiyini bildirən M.Mehdiyev yorulduğunu bildirib: "Düzü, ilk görüşdə "Bakı 2015" I Avropa Oyunlarının qalibi və qitə çempionu, rusiyalı Kirill Denisovdan sonra çox yoruldum. Həmin görüş "qızıl xal"a qədər davam etdi. Ondan sonra braziliyalı Tyaqo Kamillo ilə üz-üzə gəldim. Braziliyalı idmançı məni o qədər də yormamışdı. Aradakı vaxt doqquz dəqiqə idi. Cənubi koreyalı Donqhan Qvakla görüşdə isə vaxt çox az idi və istirahətə imkan olmamışdı".
İdmançı zədəsinin olduğunu da açıqlayıb: "Meksikada yarışanda da zədə vardı. Belimdə problem yaranmışdı. Bundan sonra məşq etmirdim, yüngül hərəkətlərlə kifayətlənirdim. Almaniyada toplanışda olanda da sonadək məşq edə bilmədim. Braziliyaya gəldikdən sonra burada daha güclü məşq edirdik. İndi vəziyyətim normaldır. Bakıya qayıtdıqdan sonra müalicəmi davam etdirəcəm".
Qeyd edək ki, 90 kq çəkidə çıxış edən M.Mehdiyev "Rio-2016"nın medalçılar sırasına düşə bilməyib. 

Xəbər xətti