Avqustun 1-də Azərbaycan nümayəndə heyəti Olimpiadaya yollanacaq. "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiyaya hazırlıqla bağlı danışarkən deyib.
O deyib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yolasalma mərasiminə hazırlıq gedir, müəyyən tədbirlərin keçirilməsi nəzərdə tutulub: "Çarter reysi ilə uçan təyyarə bizi uzaq Rio-de-Janeyroya 14 saatlıq uçuşdan sonra yerli vaxtla saat 9:30-da endirəcək. Avqustun 3-də Olimpiya Kəndində Azərbaycan bayrağı qaldırılacaq. Hazırda orada qış fəslidir. Bakı ilə 8 saatlıq fərq var. Qərara aldıq ki, 6-8 günlük iqlimə uyğunlaşma kifayətdir".
Nazir deyib ki, sentyabrda isə paralimpiyaçılar Rio-de-Janeyroya yola düşəcəklər. Nazir bütün idmançılardan yüksək nailiyyətlər gözlədiklərini bildirib.
A.Rəhimovun sözlərinə görə, 51-dən artıq idmançısı olan ölkələr böyük tərkibli sayılırlar. 56 idmançıya malik olduqları üçün ayrıca binada yerləşəcəklərini bildirən A.Rəhimov Slovakiya və Portuqaliya ilə eyni binada məskunlaşacaqlarını vurğulayıb.
Nazir bildirib ki, Azərbaycanda 94 ölkədaxili, 24 beynəlxalq yarış keçirilib, idmançılarımız isə 102 beynəlxalq yarışa qatılıblar. 12 gündən az olmamaq şərtilə 100-dən artıq təlim-məşq toplanışı təşkil olunub. Hazırlıq prosesinə 400 idmançı cəlb olunub. 2013 - 2016-cı illərdə 1000-dən artıq yarışlara qatılıblar.
Nazir olimpiadaya hazırlıq zamanı idman növlərinin təsnifatlaşdırıldığını açıqlayıb. O, dayaq növlərindən yalnız voleybolda nəzərdə tutulan lisenziyanı qazana bilmədiklərini söyləyib: "Burada bir dənə səhv buraxdıq. Dayaq növlərində yalnız voleybolda lisenziya qazana bilmədik".
Qeyd edək ki, "Rio-2016" 5 - 21 avqustda keçiriləcək.