Sabaha olan hava məlumatı

13:16 - 25 İyul 2016 - ÖLKƏ İÇİ

İyulun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 20-24° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

İyulun 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, həmçinin iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında iyulun 26-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 28-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Xəbər xətti