GƏNCƏ ... Əsrlərin sınağından keçib təbiətin və insanların törətdiyi fəlakətlərə sinə gərib öz qədim adını, milli və mənəvi dəyərlərini qoruyan Ulu Yurd ... Tarixinə baş vurduqda daha da qədimlərə gedirsən. Qaranlıq ənginliklərdən bu yurdun yetirdiyi ölümsüz övladlar - indi təkcə Gəncənin deyil, bütün Yer üzünün tanıdığı, qəbul etdiyi mütəfəkkirlər, alimlər, sənətkarlar, arxeoloji mənbələr işıq tutur yoluna ...
Haqqında söz açdığımız bu şəhər orta əsrlərin sonuna kimi həm iqtisadi, həm mədəni cəhətdən Avropaya meydan oxuyan qoca Şərqin ən zəngin və məşhur elmi, mədəni, iqtisadi-ticari mərkəzlərindən biri olmuşdur. Orta əsr tarixçiləri Gəncəni müsəlman dünyasının şimalda sonuncu "sərhəd dər əl - mülkü" - "böyük şəhəri və keşikçi məntəqəsi" adlandırırdılar.
Qədim və müasir sivilzasiyaların qovuşduğu məkan...
Gəncənin tarixini araşdıran professor Sadıq Şükürovun məlumatına görə, aparılan arxeoloji qazıntılar Gəncənin tarixini e.ə. I əsr və b.e.-nın I əsrinə aparır: "Artıq X-XI əsrlərdən etibarən iqtisadi və mədəni inkişafının çiçəklənib qüdrətlənən zamanını yaşayan Gəncənin şöhrəti Kiyev rusundan tutmuş Hindistana, Çinə qədər bütün Şərqə yayılmışdı. Bu yüzilliklərdə 300-500 min arası əhalinin yaşadığı Gəncənin müdafiə sisteminin mütəşəkkilliyi də onun inkişaf səviyyəsinin yüksəldiyinə sübutdur. Şəhərin Gəncə çayının sağ sahilində yerləşən hissəsi iki qat hasarla, sol sahilindəki hissəsi isə su doldurulmuş dərin xəndəklərlə mühafizə olunurdu".
Maraqlıdır, bir tikinti kitabəsində yazılıb ki, "bizim gücümüzə və böyüklüyümüzə şübhə edirsənsə, ucaltdığımız binalara bax!". Bu baxımdan Gəncə abidələri xalqın tarixi keçmişini öyrənmək üçün qiymətli mənbədir. Əsrlərə yolçuluq edən, ağrılı günlərdə düşmənə sipər olan, sinəsini irəli verib vətənin köksünə atılan oxlara, toplara çəpər olan, şad-sevincli günlərdə xalqın büsatına şərik olan bu lal şahidlərin gözləri nələr görüb. Danışa bilsəydilər tarixin neçə-neçə qaranlıq səhifəsi işıqlanardı, cavabı quyuya düşmüş neçə-neçə müşkül suallarına açarı tapılardı.
Sözün əsl mənasında Gəncə Tanrının insan övladına məskən bildiyi torpaqların, bəlkədə ən gözəlidir! Bir çayın iki sahilində yerləşən bu ulu yurdu qədim Şərq üslubunda tikilmiş memarlıq nümunələri daha da gözəlləşdirirdi. Hər iki sahilin mərkəzində məscidlərin, məbədlərin künbəz və qüllələri görünürdü. Kərpicdən tikilmiş möhtəşəm qala divarlarının qırmızı tuf və kərpicdən hörülmüş qurşaqları ona əzəmət və gözəllik verirdi. Qala içində uzaqdan bir-birinə sığınmış kimi görünən zadəgan imarətləri şəhər memarlığında ən çox istifadə olunan gildən düzəldilmiş girdə, üçbucaq, dördbucaq, basıq şəkilli rəngli kərpiclərlə bəzədilirdi, ortabab təbəqəyə məxsus sənətkar evləri çiy və bişmiş kərpicdən tikilirdi.
Orta əsrlər Gəncəsinin qısa mənzərəsini belə xarakterizə edən S.Şükürovun fikrincə, doğrudan da bu bir həqiqətdir ki, Gəncə öz memarlığına görə Qafqazda bir şam, o biri şəhərlər pərvanə olmuşdur: "Amma başı bəlalar çəkmiş bu gözəl şəhər öz görkəmini çox tez-tez dəyişirdi. Gah təbiətin, gah da qəzəbi qılıncından iti hökmdarların əli ilə altı üstünə çevrilir, lakin ölmür, tamamilə itib-batmır, yenidən dirçəlir, qüdrətlənir və şöhrətlənir".
Bəli, belə olub əsrlər boyu bu Gözəl yurdun taleyi ... Tarixi məlumatlara görə, Gəncənin sinəsində bir hökmdarın da əl izləri görünməkdədir. Əvvəlcə dağıdan, əvvəlcə tar-mar edən, sonra isə vurduğu yaralara məlhəm qoyurmuş kimi quran, ucaldan bərpa edən bir hökmdarın ... Tarixə Şah Abbas kimi daxil olan bu hökmdarın Gəncə tarixində silinməz dəst-xətti var. Bu hökmdarın xüsusən Gəncə memarlığına bəxş etdiyi abidələr bu gün də şəhəri bəzəyir. Bu abidələrdən ən məşhurları Cümə məscidi, karvansara və bir də Çökək hamamdır. Bu gözəl tikililəri ucaldan memar ŞeyxBəhaəddin Azərbaycan və İran memarlığında silinməz izlər qoymuşdur. Şəxsiyyəti və həyatı nə qədər mübahisəlidirsə, onun planı üzrə həm Gəncə də, həş İran şəhərlərində tikilmiş abidələrin sehri də hələ dünya alimləri qarşısında bir sirr olaraq qalır. 300 il ərzində bir şamla isinən hamam (ingilis alimləri bu şamın sirrini öyrənmək istədikdə, o, söndü və bir daha yandıra bilmədilər), qoşa minarə ilə birlikdə yellənən məscid memarın möcüzələr yaratmağa qabil dərin zəkaya malik olduğunu göstərir.
Söhbəti davam etdirən Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev deyir ki, burada milli üslubda inşa edilmiş müxtəlif karvansaray və qalalar, müdafiə qurğuları və imarətlər, məscidlər və məbədlər memarlığımızın parlaq nümunələri olaraq şəhərə bu gün də xüsusi kolorit verir. Gəncə diyarı xalqımıza dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini, söz ustaları Məhsəti Gəncəvini, Mirzə Şəfi Vazehi və sair neçə-neçə tarixi şəxsiyyətləri, elm, ictimai, mədəniyyət xadimlərini bəxş etmişdir".
Qədim Gəncəmizin respublikamızın ikinçi paytaxı adlandırılması Xalq Cümhuriyyətinin qısa bir zaman müddətinə 1918-ci ildə yaradılmış müstəqil Azərbaycanın müvəqqəti paytaxtı olması ilə əlaqədardır. Tiflisdə müstəqilliyini elan edən Milli Şura ilk iclasını Gəncənin tarixi binası sayılan indiki Aqrar Universitetinin inzibati binasında keçirib. Tarixdəki dəyişikliklər həmçinin o illərdə şəhərin adına da təsir etmişdir. Şəhərin tarixi adı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra özünə qaytarıldı. Lakin 70 illik sovet əsarəti dönəmində Gəncə Kirovabad adlandırılmış, daha sonra 1989-cu ildə şəhərin Gəncə adı yenidən qaytarılmış və indiyədək də şəhər bu adı daşıyır. Hal hazırda Gəncənin ərazisi 100 km²-dən artıq olub, əhalisinin sayı isə 350 min nəfərdən ibarətdir. Quru Qobu ərazisində "Gülüstan" mikrorayonu və "Yeni Gəncə" rayonun qurulması Gəncənin tutduğu ərazinin genişlənməsi şəhərin gələcək inkişafı üçün bir əlverişli şərait yaratdı. 2006-cı ildə Gəncədə Azərbaycanda ikinci beynəlxalq hava limanı açıldı. Gəncə Şəhəri 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir. Şəhərin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edildikdən sonra isə orada ən son olaraq 5 yeni-Şıxzamanlı, Məhsəti, Sadıllı, Natəvan və Cavad xan adlı qəsəbələri yaradılıb.
Qədimliyini və tarixiliyini qoruyan və sürətlə dinamik inkişaf edən, müasirləşən şəhər ...
Gəncə öz qədimliyini və tarixiliyini qorumaqla yanaşı dinamik inkişaf yolu tutaraq son illər ərzində də sürətlə müasirləşməkdədir. Şəhərdə bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilmiş, Beynəlxalq Hava Limanı yenidən qurulmuş, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, mədəniyyət və istirahət obyektləri istifadəyə verilmiş, yeni sənaye müəssisələri açılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xan məqbərəsi, Şah Abbas və Həzrəti Zeynəb məscidləri, Comərd Qəssab türbəsi və Gəncə darvazası bərpa olunmuşdur. Orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksində isə əsaslı təmir və bərpa işləri başa çatmışdır. Bu qeyd edilən abidələrin açlışında bilavasitə Prezident İlham Əliyevin iştirakı Gəncəyə xüsusi diqqət və qayğının bariz nümunəsi hesab etmək olar.
Gəncənin sürətli inkişafı və burada çoxsaylı yeni obyektlərin inşası onun yenidən Azərbaycanın ən böyük sənaye şəhərlərindən birinə çevrilməsinə imkan verib. Amma bu asanlıqla əldə olunmayıb. Gəncə Dövlət Universitetinin professoru Oqtay Məmmədli bizimlə söhbətində bildirdi ki, Gəncədə də iqtisadiyyatın əsasını istehsalat təşkil edir: "Sovet ittifaqının tərkib hissələrinə ayrılmasının nəticəsi olaraq respublikamızın ikinci şəhərinin müxtəlif həcmli bazar və xammal iqtisadiyyatı əsasında qurulmuş sənaye müəssisələrinin əksəriyyəti həm bazar həmdəki xammal bazasını itirdi. Bunun məntiqi nəticəsi olaraq aliminium, farfor, şirniyyat malları, alət hazırlama, konservləşdirmə, mebel, dəmir-beton zavodu, qeyri metal istehsal edən zavod, "Billur" zavodu, pivə zavodu, xalça və toxuculuq kombinatı və şəhərin digər müəssisələri öz istehsallarını dayandırdılar. Bu isə ölkədə işsizlərin sayının artmasına və bunun məntiqi nəticəsi olaraq şəhər əhalisinin yaşam səviyyəsinin kəskin düşüşlə nəticələnməsinə gətirib çıxartdı".
O qeyd edir ki, bütün bunlara baxmayaraq, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir-birinin ardınca qəbul edilən 5 illik dövlət proqramları Gəncənin də iqtisadi və sosial həyatının əsaslı şəkildə dəyişməsi ilə nəticələndi. "Xüsusən, Dövlət başçısı, cənab İlham Əliyevin 2004-2016-cı illər ərzində bu tarixi şəhərə etdiyi 16 səfər və hər səfərdən sonra əlavə olaraq Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər Gəncənin simasını müsbətə doğru dəyişməklə, iqtisadi fəallığının sürətlənməsinə də səbəb olub".
Gəncədə özünün yüksəliş mərhələsini yaşamaqda olan sahibkarlıq
Müstəqillik əldə olunduqdan sonra Gəncə şəhərinə çox icra başçıları rəhbərlik edib. Ancaq olduqca işgüzar kadr olan Elmar Vəliyevin bu şəhərə təyinatından sonra Gəncənin sosial-iqtisadi həyatında indiyə qədər görünməmiş dəyişikliklər baş verdi. Müsahibimiz O.Məmmədlinin sözlərinə görə, iqtisadiyyatda dinamik inkişaf şəhərin sosial-iqtisadi həyatını xeyli canlandırıb: "Respublikamızın digər bölgələri kimi Gəncədə də sahibkarlıq özünün yüksəliş mərhələsini yaşamaqdadır. Bu mənada tamamilə təbiidir ki, şəhərdə ümumi daxili məhsulun istehsalında özəl sektorun xüsusi çəkisi getdikcə artır. Şəhərdə bazar iqtisadiyyatının ayrılmaz atributlarından olan sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir. Təkcə, 2016-cı ilin ilk 3 ayında Gəncədə 68 milyon 874 min manatlıq sənaye məhsulu istehsal olunub. Ümumi daxili məhsulda sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10 faizə yaxın həcmində olub. Şəhər rəhbərliyinin diqqət və qayğısı ilə, iş adamlarının Gəncənin iqtisadi həyatında fəal rol oynamasına cəlb olunması nəticəsində özəl bölmədə istehsalın 62,2 faizi sənaye məhsulunun payına düşüb. Bu müstəvidə də özəl sektor tərəfindən ümumi daxili məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artaraq 34,8 faizə çatıb. Sənaye sahəsinin sürətlə inkişaf etməkdə olmasını ümumi məhsulun 92,2 faizinin emal sahəsinin payına düşməsi də bir daha sübut etməkdədir".
Müsahibin dediklərindən məlum oldu ki, ölkəmizin yeni müstəqillik tarixində Gəncədə də çoxsaylı sahibkarlıq subyektləri yaranıb və onlar özəl sektorun inkişafı istiqamətində böyük işlər görürlər. Burada həm də elə sahibkarlıq və istehsal müəssisələri fəaliyyət göstərir ki, onlar ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Məsələn, "DET AL” Alüminium MMC-nin Gəncə alüminium zavodunu buna misal göstərmək olar.
Gələcəkdə real perspektivdə görüləcək infrastruktur layihələri cəlbedicidir. Belə ki, yaxın gələcəkdə şəhərdə bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bunlar da şəhərin bütün qəsəbələrinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, su kanalizasiya sisteminin yenidən qurulması, Şəhərin bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması, şəhərin mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi, yeni istirahət parklarının salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Bütün bu iqtisadi-sosial sıçrayışa baxmayaraq ölkəmizin ikinci sənaye şəhəri də hələ də dövlət büdcəsindən aslı olmaqla, dotasiya ilə yaşayır . İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da hesab edir ki, dotasiya ilə yaşayan digər şəhər və rayonlar kimi Gəncənin iqtisadi səmərəliliyinin artırılması son nəticədə həmin rayonların büdcədən asılılığının azaldılmasına gətirib çıxarar. Buna bir sıra vasitələrlə, ən əsası Gəncədə azad iqtisadi zonaların yaradılması ilə mümkündür.
Sonda qeyd etmək olar ki, bu məsələnin həlli şəhərin iqtisadi-sosial həyatına rəngarənglik gətirəcək.
Emin Nəbili
Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün