Azərbaycan Könüllülük Xidmətinin Yay məktəbinə qeydiyyat başladı

10:38 - 22 İyun 2016 - Cəmiyyət

11-14 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunacaq Azərbaycan Könüllülük Xidməti (AKX) Yay məktəbində iştirak üçün qeydiyyata start verilib. Yay məktəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə təşkil olunur. 
Yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, bu sahəyə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədilə həyata keçirilir. 
Yay məktəbi zamanı dövlət rəsmilərinin iştirakı ilə Azərbaycanda könüllülüyün keçmiş təcrübəsi, könüllülüyün gələcək perspektivləri və gözləntilər, gənclər təşkilatlarına, irimiqyaslı dövlət tədbirlərinə könüllülərin cəlbi və onların rolu, beynəlxalq mühitdə könüllük təcrübəsi mövzüları ətrafında müzakirələr aparılacaqdır. Daha sonra yay məktəbi çərçivəsində iştirakçılara “könüllülük nədir?”, “könüllülərin cəlb olunması və idarə olunması”, “könüllülük sahəsində yerli və beynalxalq sahədə təcrübə” mövzüları haqqında ətraflı məlumat veriləcək, seminarlar və təlimlər təşkil olunacaq. Təlimlər çərçivəsində həmçinin, qeyd olunan mövzülarla bağlı qrup işləri təşkil olunacaq.
İştirak hüququ qazanan gənclər yay məktəbi zamanı təlim-tədbir proqramından əlavə olaraq mədəni-idman proqramında da iştirak etmək şansı qazanacaqlar. Gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mədəni-idman proqram çərçivəsində intelektual oyunlar, əyləncə proqramları, müsabiqələr və həmçinin iştirakçılar arasında şəhərin tarixi, mədəniyyəti, incəsənəti, təbliği və onların məlumatlılığının artırılması məqsədilə tur təşkil olunacaq. Yay məktəbin sonunda iştirakçılar xüsusi şəhadətnamələrlə təltif olunacaq. 
Qeyd edək ki, 4 gün davam edəcək AKX Yay məktəbində 60 gənc iştirak etmək şansı qazanacaq. Gənclər təşkilatlarının nümayəndələri yay məktəbində iştirak etmək üçün 30 iyun 18:00-a qədər akx.nayora.az  səhifəsinə daxil olmaqla müraciət formasını doldura bilər. 
Məlumat üçün qeyd edək ki, Azərbaycanda ildən-ilə keçirilən beynəlxalq səviyyəli tədbirlərin sayının artması və bununla bağlı geniş könüllü şəbəkəsinin olmasının vacibliyi, gənclərin asudə vaxtının səmərəli təşkili, gənclərin işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək verilməsi, eyni zamanda gənclər təşkilatlarına könüllülərin cəlb olunması və idarə edilməsi kimi məsələlərdə bir sıra tədbirlər həyata keçirilir. Gənclərin və gənclər təşkilatlarının təşəbbüskarlığının və könüllülük hərəkatına marağının artması tələb yaradır ki, könüllülər, təşkilatlar, dövlət qurumları və digər qurumlar arasında körpü rolu oynayacaq mexanizm, metodologiya yaradılsın. Bunları nəzərə alaraq, ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyini dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti proqramının icrasına başlamışdır. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2013-cü ildə Azərbaycan Könüllülük Xidməti Proqramını yaratmış və həmin ildən başlayaraq proqram çərçivəsində könüllülərin regional mübadiləsi, beynəlxalq və yerli təlimçilər tərəfindən təlim və seminarların həyata keçirilməsi kimi çoxsaylı layihələr icra etmiş, bu layihələrdən 200-ə yaxın gənc faydalanmışdır. AKX Proqramı Avropa Könüllük Xidməti Proqramının milli modeli kimi artıq 3 ildir ki, fəaliyyət göstərməkdədir. İlk layihəsi üzv gənclər təşkilatlarımızın nümayəndələrinin könüllülük mübadiləsi olan proqram 2014-cü ildə əhatəsini genişləndirərək Azərbaycanın 13 regionunun 15 Gənclər Evindən 35 könüllünün regionlararası mübadiləsini həyata keçirmişdir. Bunlardan əlavə 2015-ci ildə beynəlxalq və yerli təlimçilər tərəfindən Bakı və Gəncə şəhərlərində 100-ə yaxın gəncə Avropa Könüllülük Xidməti haqqında təlimlər ilə proqram öz işini davam etdirmişdir.

 

Xəbər xətti