İmişli rayonunda yola qoyulmuş şlaqbaumun üstündən keçən sürücü iki nəfər polis əməkdaşına xəsarət yetirib. “Report”un xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.
Belə ki, istimai təhlükəsizliyi təmin etmək məqsədi ilə yolda dayanmış iki nəfər polis əməkdaşı ərazidən keçən avtomobillərin hərəkətini tənzimləyirmişlər.
Göyçay sakini idarə etdiyi ”Qazel” markalı avtomobillə həmin istiqamətdə hərəkətdə olarkən yola qoyulmuş şlaqbauma əhəmiyyət verməyərək üzərindən keçib. Bu zaman şlaqbaum təhlükəzisliyi təmin edən iki nəfər polis əməkdaşı - rayonun Sarıxanlı kənd sakini, 32 yaşlı Elsevər Yusif oğlu Hüseynli və Muradxanlı kənd sakini, 28 yaşlı Əkbər Bakir oğlu Əsgərova dəyib və onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü isə aradan çıxıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilk tibbi yardım göstərilib.
Rayon polis əməkdaşları tərəfindən isə əməliyyat tədbirlərinin keçirilməsi nəticəsində sürücü saxlanılıb.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.