Ukraynanın “Antonov” dövlət şirkəti ilə Azərbaycan arasında 10 ədəd An-178 təyyarələrinin satışına dair müqavilə imzalanıb.APA-nın Ukraynanın “5 kanal”-a istinadən verdiyi məlumata görə, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib.
Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.
Qeyd edək ki, An-178 hərbi nəqliyyat təyyarəsidir və ilk uçuşunu 2015-ci ildə həyata keçirib. Hava gəmisi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko bir həftə əvvəl “Antonov” zavodunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə “Antonov” təyyarələrinin satışı barədə razılığa gəldiklərini açıqlayıb.