Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərdən daha 25 nəfərini Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilənməlumata görə, ölkədə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası məqsədilə görülən işlər sırasında onların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili mühüm yer tutur. Bu istiqamətdə tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan şəxslərdən daha 25 nəfəri Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə göndərilib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi yönündə həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Əlilliyi olan şəxslər onların rifah halının yaxşılaşdırılmasına və bərpa-müalicələrinin təşkilinə göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, əlilliyi olan şəxslərin rahat şəkildə qeyd olunan mərkəzə çatdırılması və 5 ulduz oteldə yerləşdirilməsi, bərpa-müalicə və digər müvafiq xidmətlərlə təmin edilmələri üçün lazımi təşkilati işlər görülüb. Bu işlərə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün nazirliyin bir nəfər həkim əməkdaşı da qardaş ölkəyə ezam olunub: "Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 nəfər, o cümlədən 135 nəfər əlilliyi olan şəxs və valideynlərindən birinin müşaiyəti ilə 130 nəfər sağlamlıq imkanları məhdud uşağın Nobel Tibb Mərkəzində ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib. Cari ildə isə artıq 50 nəfər əlilliyi olan şəxs həmin mərkəzə göndərilib. Müalicə müəssisəsində peşəkar həkim-reabilitoloqların nəzarəti altında və təbii müalicəvi resurslardan istifadə şəraitində səmərəli bərpa-müalicə kursu tətbiq olunur".
S.Abdullayev qeyd edib ki, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicəsi ilə bağlı ölkə daxilində də məqsədyönlü işlər aparılır. Nazirliyin 14 bərpa-müalicə müəssisəsində hər il orta hesabla 8 min nəfərdən çox əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa dövlət hesabına tibbi-sosial reabilitasiya xidməti göstərilir. Şöbə müdiri ölkədə bərpa-müalicə infrastrukturunun ən müasir tələblərə uyğun qurulması yönündə də mühüm addımların atıldığını diqqətə çatdırıb.