"Bizim müstəqilliyimiz bizim sərvətimizdir, onu qorumalı və ayıq olmalıyıq"

19:17 - 6 İyun 2016 - KİVDF

Əli Həsənov: "Dünya azərbaycanlılarının birliyi ona görə lazımdır ki, azərbaycançılıq hissləri, milli adət-ənənələr qorunub saxlanılsın"
"Dünya azərbaycanlılarını ona görə bir araya yığırıq ki, multikultural ənənələrimizi dünyada təbliğ edək. Dünyaya bu mesajı veririk ki, biz Azərbaycanın dünyada bu cür imicini formalaşdırmaq istəyirik". Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçkisi Əli Həsənov Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclasında çıxışı zaman deyib. Ə.Həsənov bildirib ki, dünya azərbaycanlılarının bu həmrəylik, birlik ideyası Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən irəli sürülüb. Lakin Cümhuriyyət cəmi 23 ay yaşadı və bu ideyanı həyata keçirmək mümkün olmadı.PA rəsmisi deyib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu ideyanı yenidən gündəmə gətirdi, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmağa başlandı.Ə.Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının qurultayının keçirilməsi təklifi ilə çıxış etdi: "Biz həmin qurultaya 3 il hazırlaşdıq. O dövrdə çətinliklərimiz var idi, çünki bizim həmrəyliyimizə qarşı çıxan qüvvələr var idi, ancaq biz bu işin öhdəsindən layiqincə gəldik".
PA rəsmisi bildirib ki, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlıların birliyini dövlət siyasəti səviyyəs qaldırdı. Ə.Həsənov vurğulayıb ki, son qurultaydan indiyədək Disaporla İş üzrə Dövlət Komitəsi xeyli işlər görüb. O qeyd edib ki, dünyada yaşayan azərbaycanlılar öz aralarında narazılıqların yaranmasına imkan verməməlidir, daim bir-birinə dəstək göstərməlidirlər: "Dünya azərbaycanlıları virtual məkanda da fəal olmalıdırlar. Dünya azərbaycanlılarının birliyi ona görə lazımdır ki, azərbaycançılıq hissləri, milli adət-ənənələr qorunub saxlanılsın. Artıq vaxtı çatıb ki, dünya azərbaycanlılarının iş adamları birliyi yaradılsın, Bakıda onun konfransı keçirilsin və qüvvələri səfərbər olunsun. Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək imkanına malik iş adamlarımız var. Biz onların potensialını səfərbər etməliyik". Ə.Həsənov əlavə edib ki, həmin birlik dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsinə də mühüm töhfə verəcək.
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində "Müasir dövrdə informasiya müharibəsi - müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri" mövzusunda panel  müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov informasiya təhlükəsizliyi məsələlərinin xüsusi önəm kəsb etdiyini bildirdi. O qeyd edib ki, Ermənistanla informasiya müharibəsində qalib gəlməyimiz ərazi bütövlüyümüzün təmin olunmasında mühüm rol oynaya bilər. 
Paneldə çıxış edən AMEA-nın müxbir üzvü, akademik Rasim Əliquliyev isə bildirib ki, 90-cı illərdə Azərbaycanda televiziyanın enerji blokunun partladılması ilə respublikamıza ciddi problem yaradılmışdısa, bu gün artıq Azərbaycanın peyki var: "Bizim müstəqilliyimiz bizim sərvətimizdir, onu qorumalı və ayıq olmalıyıq. Azərbaycan "Vikipedia"da fəal olmalı, Azərbaycanın uğurları barədə məlumatlar yerləşdirilməlidir. 3-5 milyonluq bədnam qonşumuzun "Vikipedia"da 200 min məqaləsi olduğu halda, 50 milyonluq azərbaycanlının 100 min məqaləsi var. Bizim böyük potensialımız var, əl-ələ verib fəal olmalıyıq".R.Əliquliyev əlavə edib ki, Azərbaycan virtual aləmdə fəal olmalıdır: "Tək Azərbaycan əhalisinin səyləri yetərli deyil, bütün dünya azərbaycanlıları əl-ələ verməlidir".
Daha sonra çıxış edən Özbəkistandan gələn tədqiqatçı, Qarabağ üzrə araşdırmaçı Şöhrət Salamov Azərbaycan və Özbəkistan xalqının dostluğundan, qardaşlığından danışdı. O deyib ki, Özbəkistan erməni işğalına qarşıdır: "Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq. Ancaq silah yolu ilə deyil, sülh yolu ilə məsələnin həllini istəyirik".
Müzakirələrdə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Prezident İlham Əliyevin fikirlərinə istinad edərək informasiya mübarizəsində daha aktiv olmağın vacibliyini vurğulayıb. O bildirib ki, informasiya müharibəsində daha çox xarici ölkələrin jurnalistlərindən istifadə olunmalıdır, bu, daha çox effekt verir: "Biz ancaq Azərbaycan mediasında çıxış etməklə kifayətlənəcəyiksə, təbii ki, informasiya sahəsində qələbədən danışmağa dəyməz. Ona görə də xarici jurnalistlərlə əlaqələr gücləndirilməlidir". H.Cavadov informasiya sahəsində uğurlu fəaliyyət üçün koordinasiya şurasının yaradılması təşəbbüsü ilə çıxış edib.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev isə azərbaycanlıların soyqrımı və Qarabağın işğalı ilə bağlı həqiqətlərin dünyaya yayılması üçün bir sıra xarici ölkələrin təcrübəsindən istifadə edildiyini vurğulayıb.
Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində həm də "Keçmişin təcrübəsi və müasir düşüncə - Azərbaycan diaspor hərəkatında gənclər: yeni baxış və yeni strategiya" mövzusunda panel müzakirələri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Ramin Məmmədovun moderatorluğu ilə keçən panel sessiyada bildirilib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə mühüm vəzifələr düşür. R.Məmmədov panel sessiyasını açaraq qeyd edib ki, Azərbaycanın diaspor hərəkatının qısa tarixinə nəzər salsaq, ulu öndər Heydər Əliyevin bu yöndə danılmaz fəaliyyətinin şahidi oluruq: "Vaxtilə Ulu Öndərin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almağa göndərilən insanlar bu gün artıq diasporumuzun fəaliyyətində mühüm rol oynayırlar. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, diasporumuzun fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində önəmli addımlar atılır".
Erməni təbliğatına qarşı gənclərin fəallığının daha da artırılmalı olduğunu vurğulayan R.Məmmədov deyib ki, gənclərimiz müasir innovativ texnologiyalardan istifadə etməklə bu mübarizədə öz sözlərini deməlidirlər: "Prezident İlham Əliyev də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunu vurğulayıb və informasiya üstünlüyünün önəmini qeyd edib. İndi konkret addımlar atılmalı, real nəticələr əldə edilməldir".
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun məsləhətçisi Natiq Əliyev çıxış edərək bildirib ki, internet bu gün gənclərin həyatının ayrılmaz bir hissəsinə çevrilib: "Bu vasitədən səmərəli istifadə olunarsa ölkə həqiqətləri barədə informasiyaların daha çox insana çatmasına nail ola bilərik. Bu fəaliyyət mərkəzləşdirilmiş formada təşkil olunmalı, gənclər təşkilatları bir-biriləri ilə əlaqələri işləməli, həmrəylik nümayiş etdirməlidirlər".
"Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası"nın sədri, Vaterlo Universitetinin professoru İlham Axundov çıxış edərək bildirib ki, hər bir zamanın dominant anları var, regionda və dünyada olan siyasi sıçrayışları və informasiya müharibəsini də nəzərə alsaq, gənclər bu istiqamətdə daha aktiv olmalıdırlar. İ.Axundov deyib ki, Azərbaycan lobbisi artıq formalaşmağa başlayıb, bu tarix 20 ilə yaxın bir dövrü əhatə edir və bu gün Azərbaycan diasporu artıq əlaqəli fəaliyyət göstərir. İ.Axundov diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyev çox ciddi şəkildə informasiya sahəsində görüləsi hələ çox işlərin olduğunu bildirdi: "Bunu nəzərə alaraq, işimizi daha da canlandırmalıyıq. Bu gün müasir dünyada yeni innovativ texnologiyalar populyarlıq qazanır. İstifadə etdiyimiz kompüterlər artıq daha innovativ vasitələrlə əvəzlənir. Belə bir şəraitdə məlumatları operativ ötürməyi bacarmalıyıq. Bu baxımdan texniki şərait movcuddur, yalnız qalır onu reallıqda tətbiq etmək".
Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının icraçı direktoru Emin Hacıyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev qurultayın açılışında üç önəmli məsələyə toxundu: "Bunlar diasporun ən zəif nöqtələrini əhatə edir: mediada boşluqlar, qanunvericilik orqanlarında boşluqlar, azərbaycanlı iş adamlarının Azərbaycana sərmayə yatırması. Hər üç istiqamətdə görüləsi işlər çoxdur. Çalışmalıyıq ki, hər bir kəs bu istiqamətlərdə əlindən gələn köməyi əsirgəməsin".
Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının fəaliyyəti barədə də məlumat verən Emin Hacıyev qurumun reallaşdırdığı tədbirlərdən, həyata keçirdiyi layihələrdən də danışıb. Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev müasir dövrdə mediada innovativ texnologiyalardan istifadənin önəmindən danışaraq, sosial şəbəkələrdə gənclərin aktiv olmasının zəruriliyini bildirib. O qeyd edib ki, bu gün dünyada sosial şəbəkələr bir təbliğat vasitəsinə çevrilib: "Azərbaycanlı gənclər də bu vasitələrdən istifadə etməklə ölkəmiz haqqında reallıqların daha geniş çatdırılmasında mühüm rol oynamalıdırlar".

 

Xəbər xətti