Xəzər Rayon Məhkəməsində Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra etmiş Nicat Quliyevin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxılıb.
“Report”un məlumatına görə, məhkəmə ərizəni təmin etməyib.
Qərardan narazı N.Quliyev apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində iyunun 9-da keçiriləcək iclasa hakim Qail Məmmədov sədrlik edəcək.
Qeyd edək ki, N.Quliyev 2013-cü il avqustun 7-də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, qanunsuz odlu silah saxlamaqda təqsirli bilinib.
N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunub.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. O, həmin qərardan kassasiya şikayəti verib. N.Quliyev şikayətində barəsindəki cinayət işinin ləğv edilməsini və azadlığa buraxılmasını istəyib. Ali Məhkəmə sabiq nazirin kassasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, N.Quliyev Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. O, daha əvvəl 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.