Bu gün Xətai Rayon Məhkəməsində yol hərəkəti qaydalarını sərxoş halda pozmaqda təqsirləndirilən B.Berkan barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi ilə bağlı vəsatətə baxılıb. "Report"un məlumatına görə, təqsirləndirilən şəxs barəsində verilən vəsatət təmin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, B.Berkan Cinayət Məcəlləsinin (CM) 263-1.1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə təqsirli bilinərək saxlanılıb. Ötən ayın 23-də Xətai Rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra B.Berkanın hüuqlarını müdafiə edən şəxs cinayət işi üzrə istintaq orqanına vəsatət verib. Vəsatət təmin olunaraq, CM-nin 263-1.1-ci maddəsi 263.1-ci maddəsinə tövsif edilib.