"Azərbaycanda fikir, söz və mətbuat azadlığının təmin edilməsi daim dövlətin diqqət mərkəzində olub. Bu gün əminliklə demək olar ki, Azərbaycanda medianın palitrası artıq tam formalaşıb". "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Avropa Şurası və Avropa İttifaqının birgə “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə və media azadlığı” layihəsi üzrə keçirilən "dəyirmi masa"da çıxışı zamanı deyib.
Ə.Həsənov qeyd edib ki, bu gün ölkədə çox sayda media qurumları sərbəst şəkildə fəaliyyət göstərir: "Çünki Azərbaycanda mətbuat orqanı açmaq çox asan prosesdir. Sadəcə lazım olan prosedur qaydalarına uyğun şəkildə işləri görüb buna nail olmaq olar. Azərbaycan demokratiyanın inkişaf etdirilməsi sahəsində ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq edir".
O bildirib ki, "Diffamasiya haqqında" qanun layihələri ətrafında geniş ictimai müzakirələr təşkil olunub: "İnsanların mətbuat səhifələrində təhqir olunması məsələsinin geniş yayıldığı zamanda belə qanunun qəbul edilməsi əks effekt yarada bilər. Jurnalist peşəkarlağının artırılması istiqamətində müəyyən işlər görülməlidir. İctimai rəyin bu yeniliyə hazırlanması ilə bağlı zəruri tədbirlərin görülməsi lazım idi. Azərbaycanda belə qanun qəbul edilməsi məsələsi qapanmayıb. Hələ də bu, gündəmdə olan məsələdir. Gələcəkdə də qanun layihəsi ilə bağlı real imkanlar qiymətləndiriləcək və beynəlxalq təcrübə araşdırılacaq".