Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “İstedadlı şagirdlərin respublika fənn müsabiqəsinə hazırlığının təşkili” layihəsinin açılış mərasimi keçirilib.
Bununla bağlı Kəlbəcər rayonu 18 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə məktəbin direktoru Arzuman Qarayev, direktor müavini Çingiz Quliyev, fizika müəllimi Səmayə Şahbazova və layihəyə cəlb olunan şagirdlər iştirak ediblər.
Bildirilib ki, layihənin məqsədi aztəminatlı ailələrdən olan istedadlı şagirdlərin respublika fənn müsabiqəsinə hazırlığını təşkil etməkdir. İlk öncə məktəbdən riyaziyyat, fizika və biologiya fənnindən respublika fənn müsabiqəsinə gedəcək istedadlı şagirdlərin seçilməsi üçün şagirdlərdən müraciətlər toplanılıb. Məşğələdə iştirak üçün müraciət edənlərin anket formasını doldurmasında əsas məqsəd riyaziyyat, fizika və biologiya fənnindən respublika fənn müsabiqəsinə marağı olan və məşğələdə iştirakını əsaslandıra bilən şagirdlərin seçilməsidir. Bu da məşğələnin daha uğurlu olması, daha istedadlı və istəkli şagirdlərin seçiminə şərait yaradacaq.
Daha sonra məktəbdən respublika fənn müsabiqəsinə gedəcək şagirdlər üçün təşkil olunan dərsdənkənar məşğələyə qatılmaq istəyən şagirdlərin seçilməsi üçün iki mərhələdən ibarət imtahan təşkil ediləcək. İlk mərhələdə şagirdlərə riyaziyyat, fizika və biologiyadan test tapşırıqları təqdim olunacaq. İmtahanda 40 faizdən artıq nəticə göstərən şagirdlər müsahibə mərhələsinə dəvət olunacaq. Müsahibənin keçirilməsində məqsəd şagirdlərin fənn müsabiqəsi ilə bağlı dərsdənkənar məşğələlərdə iştiraka istəyini, dərslərə davamlı qatılmaq və gələcəkdə respublika fənn müsabiqəsi və respublika fənn olimpiadalarında iştirak imkanlarını qiymətləndirmək olacaq. Test imtahanı və müsahibənin nəticəsi olaraq məktəbdə təhsil alan VI-VII sinif şagirdləri arasından respublika fənn müsabiqəsinə qatılmaq istəyən 12 şagird seçiləcək.
Daha sonra məktəbin binasında riyaziyyat, fizika və biologiya fənnindən respublika fənn müsabiqəsinə gedəcək şagirdlər üçün dərsdənkənar məşğələ təşkil olunacaq. Məşğələyə qoşulan şagirdlər fənn müsabiqəsinə hazırlıq üçün vəsaitlərlə təmin ediləcəklər. Layihənin sonuncu mərhələsində şagirdlərin riyaziyyat, fizika və biologiya fənnindən respublika fənn müsabiqəsində iştirakı təmin ediləcək.