Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo jurnalist Piers Morqana verdiyi müsahibədə tezliklə karyerasını bitirəcəyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Morgan 40 yaşlı Ronaldodan neçə yaşında karyerasını bitirəcəyi barədə bir fikri olub-olmadığını soruşub.
"Tezliklə. Amma düşünürəm ki, buna hazır olacağam. Çətin olacaq, bəli, yəqin ki, ağlayacağam, bu tamamilə normaldır. Bundan utanmıram; mən açıq insanam" - ulduz futbolçu cavab verib.
Ronaldonun sözlərinə görə, o, özünü bu gələcəyə 25 -27 yaşından hazırlayıb və təzyiqə tab gətirə biləcək.
"Əlbəttə ki, futbol heç nəyi əvəz etməyəcək, amma özüm, ailəm və uşaqlarım üçün daha çox vaxtım olacaq", - deyə futbolçu əlavə edib.
Bu yay Ronaldo "Əl-Nəsr"lə müqaviləsini 2027-ci ilə qədər uzadıb.