Beyləqanda şagird və valideyinlərlə maarifləndirici görüş keçirilib - Foto

12:38 - 12 İyul 2025 - ÖLKƏ İÇİ

İyulun 11-də Beyləqan rayonunda şagird və valideyinlərlə maarifləndirici görüş keçirilib.

Ucnoqta.az xəbər verir ki, görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov və cari tədris ilində ümumtəhsil məktəblərinin IX siniflərində təhsil almış şagirdlər, valideynlər iştirak edib.

Görüşdə Bəhruz Nəbili Beyləqan şəhəri Nizami Ağayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin nəzdində yaradılması nəzərdə tutulan, yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə fəaliyyət göstərəcək məktəbdə tədrisin təşkili və tam orta məktəbin əhəmiyyəti barədə danışıb. 

O, məktəbin yenidən təşkilində məqsədin ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq və onların inkişafı üçün əlverişli sosial-psixoloji mühitin formalaşdırılması olduğunu bildirib. 

Bəhruz Nəbili məktəbdə şagirdlərin seçdikləri ixtisas qrupuna uyğun fənlərin tədris olunacağını, dərslərin təmayül tədris planları əsasında təşkil ediləcəyini, şagirdlərin əlavə hazırlıq olmadan imtahanlara tam hazırlıq imkanı qazanacaqlarını və şagirdlərin imtahanlara daha fokuslu olaraq hazır olacaqlarını bildirib. Şagirdlərin bilik və bacarıqlarının müntəzəm sınaq imtahanları və nailiyyətlərin izləmə mexanizmləri ilə daim izlənəcəyini qeyd edib. Məktəbdə dərslərin yüksək akademik göstəricilərə malik, müsahibə yolu ilə seçilmiş təcrübəli müəllimlər tərəfindən aparılacağını diqqətə çatdırıb.

Sonda valdeyinlər onları maraqlandıran sualları səsləndiriblər və irəli sürülən təşəbbüsü dəstəklədiklərini ifadə ediblər.


Xəbər xətti