"Bunu oxuyan, 2 uşaq anası ..."

17:05 - 29 Aprel 2025 - Cəmiyyət

"Boşanma saylarının artmasına səbəb olan həm də tik-tok və instaqramda özünü "ilişki uzmanı" kimi qələmə verən, əslində özlərinin heç bir ciddi və uzunömürlü münasibəti olmayan şarlatan və maskalı insanlardır".

Ucnoqta.az xəbər verir ki, bu sözləri hüquq üzrə fəlsəfə doktoru, professor Fərhad Mehdiyev sosial şəbəkədə deyib. Professorun sözlərinə görə, sosial şəbəkələrdə verilən bəzi məsləhətlər sonda ailələrin dağılmasına gətirib çıxarır:

"Məsələn, rəfiqəsi ilə kafedə oturan qız, rəfiqəsini kameradan çıxarır, masada 2 ədəd bokal var və yazır: "hər görüşünüz ilk görüşünüz kimi həyəcanlı olmalıdır". Bunu oxuyan, 2 uşaq anası olan Fatmanisa, gözləyir ki, əri evə gələndə əlində buket gətirsin. Günlük 30-40 manat qazanan əri Mamed də uşağın repetitor pulunun vaxtını gəldiyini düşünərək 1-2 saat artıq işləməli olur. Axşam evə gec gəlir, başını atır yatır. Fatmanisa da düşünür ki, Mamed onu artıq sevmir.
Əslində, problemlər Mamedə Fatmanisanı sevməyə şərait yaratmır. Axı müxtəlif koçlar da Fatmanisanı inandırıb ki, taleyi öz əlindədir, işləyib milyonçu ola bilər. O da boşanmaq istəyir və ailə pərişan olur".

F.Mehdiyev bildirir ki, gənclər ailə, yuva qurmaq üçün evlənmir:

"İlkin tanışıqlıq vaxtı yaşadıqları o həyəcan üçün ailə qururlar, amma o həyəcan təbii olaraq kəsilir, romantik görüşlər artıq olmur. Onların yerinə daha əvvəl valideyinlərin çəkdikləri məişət problemləri üzə çıxır və həllini gözləyir. Bunun da sonunun necə olduğu bəllidir. Allah mərdimazarın - saxta "ilişki uzmanı"nın evini yıxsın".

Xəbər xətti