Vəfat edən hərbçimiz barədə yeni DETALLAR

14:30 - 25 Fevral 2025 - Xəbər

Ötən gün vəfat etdiyi barədə xəbər yayılan Müdafiə Nazirliyinin hərbi qulluqçusu əsgər Maqbet Məcidov barədə bir sıra detallar məlum olub.

Ucnoqta.az xəbər verir ki, yaxınlarının Modern.az-a verdiyi məlumata görə, Maqbet Məcidov 2003-cü ildə Bakı şəhərində anadan olub.

O, orta məktəbi Bakıda bitirib. Azərbaycan Milli Konservatoriyası tərkibindəki İncəsənət gimnaziyasından məzun olan Maqbet 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub və burada rus dili müəllimliyi ixtisasını bitirib.

Onun özündən başqa 2 qardaşı var. Böyük qardaşı tələbə, kiçik qardaşı 2-ci sinif şagirdidir.

Maqbet Məcidov bu ilin yanvar ayında hərbi xidmətə yollanıb və fevralın 21-də ailəsinə vəfat etdiyi barədə məlumat verilib. O, Naxçıvanda hərbi xidmət edirmiş.

Rəsmi açıqlamaya görə, gənc əsgərin ölümünə səbəb ildırımsürətli vaskulit olub.

Qeyd edək ki, vaskulit damar divarının iltihabından meydana gələn xəstəlikdir. Nəticədə toxuma, orqan və ya orqanlar qrupuna qan tədarükünün pozulması və onların funksiyasının pozulması baş verir.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, hərbi qulluqçunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.

Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Xəbər xətti