Türkiyənin "Qalatasaray" futbol klubu "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun irqçi bəyanatlarından sonra cinayət işi başlanması üçün prokurorluğa şikayət edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Qalatasaray”ın mətbuat xidməti məlumat yayıb. Klub həmçinin Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Beynəlxalq Futbol Federasiyasına (FİFA) şikayət göndərəcək.
Bazar ertəsi Türkiyə çempionatının 25-ci turu çərçivəsində keçirilən görüşdə "Qalatasaray" və "Fənərbaxça" 0:0 hesablı heç-heçə edib. Mourinyo matçdan sonra "Qalatasaray"lı futbolçuları meymunlara bənzədib, onların matç zamanı davranışlarına eyham vurub.
"Türkiyədə fəaliyyətə başladığı gündən mütəmadi olaraq türk xalqını aşağılayan ifadələr işlədən "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo indi də əxlaqsız ifadələrinə qeyri-insani ritorika əlavə edib. Nəzərinizə çatdırırıq ki, prokurorluğa cinayət işi, eləcə də UEFA və FIFA-ya şikayət ərizəsi ilə müraciət edəcəyik".