Ən son anti-Rusiya sanksiyalar paketinin bir hissəsi kimi Böyük Britaniya bütün yüksək rütbəli siyasətçilərin, məmurların və menecerlərin ölkəyə girişini qadağan etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times” qəzeti yazır.
Nəşrin məlumatına görə, Daxili İşlər Nazirliyi sanksiya siyahısına bütün regional və federal nazirləri, habelə iri Rusiya şirkətlərinin direktorlarını və yüksək vəzifəli menecerlərini əlavə edəcək.
Məhdudlaşdırıcı tədbirlər federal və dövlət departament və agentliklərinin yüksək vəzifəli məmurlarına, enerji və maliyyə sektorunda şirkətlərin rəhbərlərinə, habelə Rusiya KİV-lərinin rəhbərliyinə də təsir edəcək.
Ölkə hakimiyyəti belə bir addımın atılması zərurətini Rusiya rəhbərliyinə siyasi təzyiqləri artırmaq və guya Kremllə bağlı elitaların yaratdığı milli təhlükəsizliyə təhdidləri azaltmaq niyyəti ilə izah edir.
Sanksiyaya məruz qalan şəxslərin tam siyahısı Daxili İşlər Nazirliyi tərəfindən açıqlanacaq.