İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü S.Seyidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılıb.
Bu barədə Ucnoqta.az-a DİN-dən bildirilib. Yoxlama zamanı onun sürücülük hüququnun olmadığı müəyyən edilib və narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından S.Seyidov müvafiq tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.
Həmçinin “Mercedes” markalı avtomobillə ötmə qaydasını pozduğuna görə bölmə əməkdaşları tərəfindən saxlanılmış digər sürücü Z.Mahmudovun da nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.
Hər iki sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.