11-22 noyabr tarixlərində ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mütərəqqi bir tədbirdə Azərbaycan gəncliyinin də birgə fəaliyyəti bütün dünyaya əsl nümunə oldu. Belə ki, 2000-ə yaxın gəncin həmrəylik nümayiş etdirərək bu mötəbər tədbirdə fəal iştirakı ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Əsası 1993-cü ildə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Dövlət gənclər siyasəti bu gündə Ulu öndərin layiqli davamçısı cənab İlham tərəfindən uğurla davam etdirilir.
Azərbaycan gəncliyinə, onun sağlam inkişafına hər daim özü kimi inanan cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasətində ölkə gəncliyinə olan sonsuz məhəbbət bizləri daha da fəal çalışmağa, işləməyə sövq edir.
Cənab İlham Əliyev demişdir: “Mən çox şadam ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib və onların sağlam gələcəyi bizim prioritet hədəflərimizdəndir”.
Hər il 2 fevral tarixində imzaladığı sərəncamlarla, qəbul etdiyi dövlət proqramları ilə ölkə başçımız bu sözü əməldə göstərməyi bacaran nadir şəxsiyyətlərdən biridir.
Bu tədbirdə də bir daha ölkə gəncliyi olaraq prezidentimizin qayğısının canlı şahidi olduq. Belə ki, ölkə başçımız cənab İlham Əliyevin qərarına əsasən hər bir COP29 könüllüsü “Təşəkkürnamə”-yə layiq görüldü. Bu bir daha Azərbaycan gəncliyinə olan inamın, güvənin, dəstəyin və sevginin bariz göstəricisidir.
15 yanvar tarixində isə daha da sevindirici bir xəbər yayıldı. Alınan qərarla hər bir COP29 könüllüsü 1500 manat pul mükafatına layiq görüldü.
Biz qalib xalqın, qalib gəncləriyik. Sevinirik ki, cənab İlham Əliyev kimi yüksək insani keyfiyyətə, dərin zəkaya, qətiyyətli mövqeyə malik bir prezidentimiz var. Biz bununla fəxr edir və gələcək nailiyyətlərimizin işığında da həmişə ölkə rəhbərinin ətrafında sıx birləşməyə onun siyasətini dəstəkləməyə davam edəcəyik.
Cəmilova Raisə
Bakı Dövlət Universiteti Kimya fakültəsinin kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi,
COP29 könüllüsü