Budəfəki “Altın Kelebek” də ölkəmizdə söz-söhbətsiz, qalmaqalsız ötüşmədi. Belə ki, müğənni Nadir Qafarzadə “Altın Kelebek” mükafatlandırma gecəsinə qatılan azərbaycanlı tanınmışları – aktrisa Dəniz Tacəddin, aparıcı Fəridə Abdulla, müğənni Rilaya Hüseynzadəni tənqid atəşinə tutub. Sosial şəbəkədə paylaşım edən sənətçi həmin mükafatların pulla alındığını iddia edərək, sənətçilərin ünvanına tənqidlər yağdırıb.
Maraqlıdır, həqiqətənmi bu mükafatlar onlara pul qarşılığında verilib?
Mövzu ilə bağlı Medianews.az adları çəkilən mükafatçılardan münasibət öyrənib.
Müğənni Rilaya Hüseynzadə həmkarı Nadir Qafarzadənin iddialarına cavab verməzdən öncə onu sosial şəbəkələrdə tənqid edən izləyicilərdən danışıb.
Qeyd edib ki, Türkiyədə onu hörmətlə qarşılayıb, ifa etdiyi mahnı seviblər: “Başa düşə bilmirəm ki, məni niyə sosial şəbəkələrdə tənqid edirlər? Yazırlar ki, guya düzgün danışmamışam. Mən bütün cümlələri, hətta şəkilçiləri belə düzgün ifadə etdim. Sadəcə olaraq bir az həyəcanlı idim. Orada mənim üçün heç bir biabırçı vəziyyət yox idi. Mahnımı da ifa etdim, nitqimi də söylədim. Heç kim mahnım haqqında yazmadı. Bu mahnını əsər adlandırmaq olar. Mahnını rus qızı yazıb. Azərbaycanlılar bizi əslində müdafiə etməli idilər. Siz təsəvvür etməzsiniz ki, Türkiyədə məni necə qarşılayıb, mahnımı seviblər. Mən oraya danışmağa yox, mahnımı təqdim etməyə getmişdim. Danışığım sadə deyildi, mürəkkəb idi. Çox təəssüf ki, insanlar bəsit cümlələrdən savayı nitqlərini belə sanballı cümlələrlə zənginləşdirmirlər. Onlara qəribə gəldi”.
R.Hüseynzadə metis olduğunu, anasının azərbaycanlı, atasının isə rus və ukraynalı qanı daşıdığını diqqətə çatdırıb: “Türklərin öz aktrisası var, Məryəm Üzərli! O, bütün dünyada məşhurdur. Onun da danışığı, nitqi zəifdir. Halbuki görün nə qədər adam sevir onu. Bizim insanlarımız çox kobuddurlar. O ki, qaldı mükafatın pulla alınmasına, Nadir Qafarzadə kimdir? Onu tanımıram, heç tanımaq da istəmirəm. Haradasa görmüşəm. Mən ümumiyyətlə bu sahədən uzaq biriyəm. Həmkarlarımla danışmıram, sıx ünsiyyət saxlamıram. İki övladım var, başım onlara qarışıb. Nadir Qafarzadənin iddialarına cavab olaraq bildirirəm ki, mən mükafat üçün ümumiyyətlə pul verməmişəm. Mənə deyəndə ki, sizi də seçmişik, inanın ki, təəccübləndim. Öz-özümə dedim ki, görəsən nəyə görə mən? Sonra izah etdilər ki, iki il ərzində sən çox işləmisən. Mənim kliplərim, vətənpərvər mahnılarım var. Nə etməli idim? Deməli idim ki, yox mən getmək istəmirəm?! (gülür). Əslində bütün bu söz-söhbətlər də bizim təbliğimizdir”.
Aktrisa Dəniz Tacəddinin mövzuya münasibəti belə olub: “Çox sağ olun ki, zəng etmisiniz. Amma əfsuslar olsun ki, bu mövzuda olan qalmaqallarla bağlı heç bir söz danışmaq istəmirəm”.
Teleaparıcı Fəridə Abdulla ümumiyyətlə telefon zənglərimizə cavab verməyib.
Tanınmış müğənni Elnarə Xəlilova isə söyləyib ki, mükafatın pulla alınıb satılması normal haldır: “Dünyaca məşhur, transmilli şirkətlər, holdinqlər reklama ehtiyacları olmadıqları halda belə, illik reklam büdcələrinə milyonlar ayırırlar. Ulduzlar da həmçinin. Bu həmişə belə olub. Baxış sayları, şərhlər belə, pulla alınır. Mükafatlar niyə alınmasın ki? Söhbət konkret “Altın Kələbək”dən gedirsə, yalan deyərəm, çünki yanlarında olmamışam. Ancaq alınıbsa da bacarana can qurban. Puluna minnət. Allah təki bizim azərbaycanlılara hər zaman pul yetirsin ki, arzuladığımız, istədiyimiz hər şeyi ala bilək”.