Noyabrın 15-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Qax və Zaqatala rayonlarında təhsil işçiləri ilə geniş tərkibdə görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, görüşlərdə Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Bəhruz Nəbili, rayon təhsil sektorlarının müdirləri, sektor əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, eləcə də Azərbaycan dili, ibtidai sinif, riyaziyyat, xarici dil fənn müəllimləri iştirak ediblər.
Görüş zamanı Günay Mahmudova ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması məqsədilə bir çox istiqamətlərdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, ötən tədris ilində IV və VI siniflər üzrə keçirilmiş monitorinq qiymətləndirmə nəticələrini təhlil edərək nəticələrin ümumilikdə qənaətbəxş olduğunu, IX və XI siniflərin buraxılış imtahanlarında bəzi məktəblərdə nəticələrinin zəif olduğunu vurğulayıb. Cari dərs ilində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə sektor və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə aktual məsələlər müzakirə olunub, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib.