“Yaşıl dünya naminə” layihəsi çərçivəsində Salyanda ekoloji aksiyalar baş tutub

14:01 - 7 Noyabr 2024 - ÖLKƏ İÇİ

6 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Yaşıl dünya naminə” layihəsi çərçivəsində Salyan rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" və COP29-a həsr edilən təmizlik və ağacəkmə aksiyası keçirilib.

Ucnoqta.az xəbər verir ki, aksiya Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Məhərrəm Məmmədov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşov, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin müdiri Aydın Yusifov,  Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin İcraçı direktoru Aqşin Bağırov , eləcədə təşkilatın İdarə Heyətinin üzvü və layihə rəhbəri Ülvi Həzizadə və 40 nəfər məktəbli iştirak edib.

İlk öncə çıxış edən M.Məmmədov dünyanı narahat edən ekoloji problemlər, onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açıb. Bildirib ki, ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması daim diqqətdə saxlanılır, abadlıq və təmizlik ənənələri mütəmadi davam etdirilir.

 V. Dadaşov çıxışında da icra olunan layihənin və gənclərin bu sahədə maarifləndirilməsinin vacibliyi barədə danışıb. Qeyd edib ki, cari il ərzində təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər keçirilib və hazırda da tədbirlər davam etdirilir.

Həmçinin çıxış edən A.Yusifov sağlam dünya naminə, ətraf mühitə diqqət və qayğının artırılmasından, yaşıllıqların salınmasında aktiv iştirak etməyin vacibliyin vurğulayıb. Bildirib ki, ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanması, ekoloji şüurun inkişaf etdirilməsi, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması, təbii sərvətlərə və mədəni dəyərlərə hörmətlə yanaşılması çox vacibdir.

Çıxış edən E.Əhmədov iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açıb. Bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb.

Çıxış edən A.Bağırov sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, həmçinin ekoloji maarifləndirmənin əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verib. Qeyd edib ki, bu ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün qlobal çağırışdır.

Daha sonra çıxış edən layihə rəhbəri Ülvi Həzizadə Gənclər Fondundan, dövlət gənclər siyasətindən, həmçinin layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Çıxışlardan bitəndən sonra məktəblilərə təmizlik aksiyası üçün tibbi əlcək, maska və zibil torbaları paylanıb və əvvəlcədən müyyənləşdirilmiş ərazi tullantılardan təmizlənib. Toplanmış zibillər rayon təmizlik idarəsinə təhvil verilib. Daha sonra qonaqların iştirakı ilə məktəblilər tərəfindən 50 ədəd həmişəyaşıl şam ağacı əkilib. 

Çay fasiləsindən sonra iştirakçılara fəal iştiraklarına görə sertifikatlar təqdim olunub. 

Əlavə edirik ki, layihənin əsas məqsədi regionlarda yaşayan gənclərin yaşıl dünya naminə maarifləndirilməsi və bu prosesdə fəal iştiraka dəvət edilməsi, ekoloji çirklənmənin qarşısının alınması və yaşıllıqların artırılmasıdır.

Xəbər xətti