Salyanda qardaşı arvadını və onun oğlunu qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkum Ziya Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Ucnoqta.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrlik etdiyi prosesdə Ziya Əliyevə hökm oxunub.
Hökmə əsasən, Z.Əliyev ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin mart ayında baş verib. İttihama görə, 1981-ci il təvəllüdlü Ziya Əliyev aralarında yaranmış mübahisə zamanı bıçaqla qardaşı arvadı Rahilə Əliyevi və onun oğlu Bəhruz Əliyevi qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə), 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.