Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Mediasiya Şurası tərəfindən Şirvan şəhərində məhkəmə sədrlərinin, hakimlərin və mediatorların iştirakı ilə "Ailə və əmək mübahisələrində barışıq sazişlərinin keyfiyyətli məzmununun formalaşmasında məhkəmələrin rolu" adlı konfrans təşkil edilib.
Konfransın təşkil edilməsində əsas məqsəd mediasiya təşkilatları və mediatorlar tərəfindən tərəflərin iştirakı ilə imzalanan barışıq sazişlərinin keyfiyyətli məzmununu müzakirə etmək və barışıq sazişlərinin qanunvericiliyin tələbləri çərçivəsində hazırlanması və imzalanmasını təşviq etmək olub.
Konfransda çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Rəşad Həsənli son zamanlar ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına diqqət çəkərək məhkəmə hakimlərinin üzərinə düşən vəzifələri layiqincə icra etdiklərini qeyd edib. Bildirilib ki, mediasiya təşkilatları ilə məhkəmələr arasında mühüm əməkdaşlıq münasibətləri mövcuddur.
Qeyd edilib ki, mediasiya prosesləri zamanı mediatorlar və mediasiya təşkilatları tərəfindən görülən işlər təqdirə layiqdir və bu sahədə keyfiyyətin artırılması, eyni zamanda qarşılıqlı əməkdaşlıq olduqca zəruridir. Bildirilib ki, Mediasiya Şurasının Məhkəmə-Hüquq Şurası ilə birgə təşkil etdiyi Gəncə şəhərindən sonra ikinci konfransın Şirvan şəhərində təşkil edilməsi aparılan işlərin intensivliyinə zəruri nümunədir və bu işlər digər regionlarda da təşkil ediləcək.
Çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev Məhkəmənin yurisdiksiyasına aid edilən şəhər və ixtisaslaşmış məhkəmələrin hakimlərinin fəaliyyətinə toxunaraq işlərə ədalətli baxılması və vətəndaşlarla işin təşkili barədə məlumat verib. O, qeyd edib ki, mediasiya təşkilatları və mediatorlarla əməkdaşlıq mediasiya xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli mediasiya xidmətlərinin təşkilinə böyük təkan verəcək və məhkəmələr peşəkar cəhətdən də mediatorların fəaliyyətinə dəstək verməyə hazırdır.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək qeyd edilən tədbirin təşkili sahəsində Məhkəmə - Hüquq Şurasına göstərdiyi dəstəyə görə dərin təşəkkürünü bildirib. Məhkəmə - Hüquq Şurası ilə təşkil edilən bu tədbirlərin mediatorlar və məhkəmələr arasında daha səmərəli əməkdaşlığın qurulmasına mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Daha sonra Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümmətov, Şirvan Kommersiya Məhkəməsinin sədri Namidar Misirzadə, Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasov, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd çıxış edərək hakimlər və mediatorlar məhkəmələr və mediatorların sıx və səmərəli əməkdaşlığı üzrə fikirlərini bildiriblər.
Konfrans öz işini müzakirələrlə davam etdirib.