Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova cari tədris ilindən yalnız tam orta təhsil səviyyəsi üzrə fəaliyyət göstərən Şəki şəhər 6 nömrəli tam orta məktəbin müəllim kollektivi ilə görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, idarənin inzibati binasında baş tutan görüşdə Günay Mahmudova ilə yanaşı, idarənin struktur bölmə rəhbərləri də iştirak edib.
Çay süfrəsi ətrafında təşkil olunmuş görüşdə idarə müdiri təhsilin keyfiyyətinin yüksəldilməsi və müəllimlərin peşəkar inkişafının vacibliyini vurğulayıb. O, tam orta təhsil səviyyəsində fəaliyyət göstərən məktəbin yüksək standartlara cavab verməsinin önəmini qeyd edib və kollektivin bu istiqamətdə səylə çalışmasının vacibliyini bildirib.
Daha sonra onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və kollektivinin suallarını cavablandırıb.
Sonda kollektivə uğurlar arzulayıb və onların şagirdlərin uğurlarına töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, Şəki şəhər 6 nömrəli tam orta məktəbdə təşkil edilən pilot layihə intensivləşdirilmiş proqram və təmayül tədris planlarından istifadə etməklə şagirdlərə səmərəli təhsil imkanları yaratmağı hədəfləyir. Məktəb 5 günlük iş həftəsi üzrə saat 09:00-dan 16:00-a kimi tənəffüslər və nahar fasiləsi nəzərdə tutulmaqla fəaliyyət göstərir. Günün birinci yarısında akademik istiqamətlər üzrə fəaliyyətlər, ikinci yarısında isə öyrədilmiş yeni mövzuların dərinləşdirilməsi, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili həyata keçirilir. Bununla yanaşı məktəbdə şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq emosional və fiziki inkişafları üçün müvafiq sosial fəaliyyətlərin həyata keçirilməsi də təmin olunur.