Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb - YENİLƏNİB

18:07 - 15 Oktyabr 2024 - ÖLKƏ İÇİ

Beyləqan rayonunda məktəblilər arasında yaranmış mübahisə zamanı baş verən bıçaqlanma hadisəsi qeyri-dərs saatında və məktəbdən kənar ərazidə baş verib.

APA xəbər verir ki, bu barədə Beyləqan rayon Təhsil sektorunun müdiri Elvin Abbasov məlumat verib.

Elvin Abbasov bildirib ki, oktyabrın 14-də saat 14:00-15:00 radələrində məktəbdənkənar ərazidə Beyləqan şəhər F. Hacıyev adına 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi həmin təhsil müəssisəsinin 11-ci sinif şagirdinə aralarında yaranmış mübahisə zəminində xəsarət yetirib:

"Xəsarət alan məktəbli tibb müəssisəsinə yerləşdirilib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Beyləqan rayon təhsil sektorunun əməkdaşları və məktəb rəhbərliyi tərəfindən məktəbliyə baş çəkilib, valideynlə söhbət aparılıb. Xəsarət almış şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək. Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, xahiş edirik”.

13:21

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.

Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.

Xəbər xətti