ABŞ Müdafiə Nazirliyi regionda gərginliyin artması fonunda İranın potensial ballistik raket hücumuna qarşı çıxmaq üçün İsrailə THAAD (Terminal High Altitude Area Defense) raketdən müdafiə batareyasının göndərildiyini təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi ABŞ Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder yazılı açıqlama verib.
Rayder bildirib ki, ABŞ prezidentinin göstərişi ilə müdafiə naziri İranın İsrailə misli görünməmiş hücumlarından sonra İsrailin hava hücumundan müdafiəsini gücləndirməyə kömək etmək üçün THAAD batareyası və ABŞ hərbi personalından ibarət komandanın İsrailə göndərilməsini təsdiqləyib.
THAAD batareyası İsrailin inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemini tamamlayacaq.
Əvvəllər, 2019-cu ildə Birləşmiş Ştatlar təlim və inteqrasiya olunmuş hava hücumundan müdafiə təlimləri üçün İsrailə THAAD batareyasını yerləşdirmişdi.