Fiziki məhdudiyyətli uşaqlarla bağlı layihə yekunlaşıb - FOTO

16:23 - 29 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlillərə Dəstək” Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Fiziki məhdudiyyətli uşaqların hüquqlarının müdafiəsi” layihəsi çərçivəsində tədbirlər başa çatıb.

Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 17.07.2024, 23-27.09.2024 tarixlərində tədbirlər həyata keçirilib.

Tədbirlərdə 300 nəfərdən çox şəxs iştirak edib, müraciət əsasında 30 nəfərədək fiziki məhdudiyyətli uşaq və valideynlər (qəyyumları) üçün hüquqi yardım göstərilib.

Tədbirlərdə fiziki məhdudiyyətli uşaqlar və valideynləri, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşları, Qəbələ DPTM-nin pedoqoji heyəti və tələbələri, gənclər, QHT nümayəndələri, ictimai fəal şəxslər iştirak ediblər.

“Ulu öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra layihə rəhbəri Anar Məhərrəmov çıxış edib. O, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Əlillərə Dəstək” Xeyriyyə İB, layihənin məqsədi və vəzifələri, dövlətimizin fiziki məhdudiyyətli uşaqlara göstərdiyi diqqət və qayğı, regionda fiziki məhdudiyyətli uşaqların hüquqlarının müdafiəsinin və hüquqlarının təbliği üzrə sistematik maarifləndirmə işinin aparılmasının zəruriliyi və tədbirin proqramı haqda ətraflı məlumat verib.

Layihənin eksperti Ümüdvar Həsənov layihənin önəmi, bu sahədə dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalar və təşkilatlar, hüquqi bazanın möhkəmləndirilməsi, QHT - lərin bu sahədə gördüyü işlər üzrə geniş təqdimatla çıxış edib.

Layihənin hüquqşünası, vəkil Nadirşah Şirinov tərəfindən Azərbaycan Respublikası Qanunvericiliyi, bu sahədə qəbul olunmuş hüquqi aktlar haqqında geniş məlumat verilib və müraciətlərə müvafiq olaraq hüquqi konsultasiya keçirilib, iştirakçıların sualları cavablandırılıb və müraciətlərə əsasən hüquqi yardım göstərilib”.


Xəbər xətti