Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Ukrayna prezidenti Volodimir Zelenskinin təklif etdiyi sülh konfransında iştirakını gözlədiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə BMT Baş Assambleyasında iştirak etdiyi Nyu-York səfərindən qayıdarkən jurnalistlərə bildirib.
“Biz belə bir konfransda iştirak etməyə hazır olduğumuzu bildirdik və bizim xarici işlər nazirimiz Hakan Fidan bu məsələ ilə bağlı onlarla əlaqə saxlayacaq.
Ümid edirik ki, regiona sülh gətirmək üçün ölkəmiz də bu prosesin bir parçası olacaq. Biz, bəlkə də, ən çox Ukrayna-Rusiya müharibəsində ədalətli sülhün olmasını istəyirik.
Biz məsuliyyəti öz üzərimizə götürməkdən və sülh üçün səy göstərməkdən çəkinməmişik. Bu müharibəyə diplomatiya və dialoq yolu ilə son qoymaq olar. Qoy döyüşən tərəflər və digər oyunçular bizim bunu edə biləcəyimizə inansınlar”, - deyə “Anadolu” agentliyi Ərdoğanın sözlərindən sitat gətirib.
Bununla belə, prezident vurğulayıb ki, indi tərəflər hələ bu məsələnin sülh yolu ilə həllinə yaxın deyillər.