Yeni ailə quran gənclərin ... - DYP-dən XƏBƏRDARLIQ

15:41 - 25 Sentyabr 2024 - ÖLKƏ İÇİ

"Təəssüf ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu acı faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq".

Ucnoqta.az xəbər verir ki, bu barədə DYP-nin müraciətində bildirilib.

Qeyd edilib ki, ötən gün toy karvanına yetişmək üçün tələsən sürücünün “VAZ” markalı avtomobillə sərt döngədə idarəetməni itirərək yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər yaxın qohum eyni vaxtda həyatını itirib.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.

Nəzərə almaq lazımdır ki, toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərtdir. Bu həm dəyər verdiyimiz insanların ən xoş günlərinin xöşbəxt anlarla yadda qalmasına töhfə verən davranışdır", - məlumatda vurğulanıb.

Xəbər xətti