Nazir müavini Şəkidə olub, şəhid anasını ziyarət edib - Foto

19:22 - 20 Sentyabr 2024 - ÖLKƏ İÇİ

Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Şəki rayonuna səfər edib. 

Əvvəlcə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra nazir müavini yeni tədris ilindən tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə fəaliyyətə başlayan Şəki şəhər 6 nömrəli tam orta məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüb, təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olub və kollektivə öz tövsiyələrini verib.

Nazir müavini həmçinin şəhid mayor Aqşin Abdullayevin anası, Əməkdar müəllim, Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Dursun Cavadovanı evində ziyarət edib. Görüşdə Dursun Cavadovanın pedaqoji fəaliyyəti, Aqşin Abdullayevin uşaqlıq dövrü və onun vətən uğrunda göstərdiyi misilsiz qəhrəmanlıqlar barədə söhbət aparılıb. Görüş zamanı şagirdlərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində görülən işlər də müzakirə olunub. Görüşün sonunda Dursun Cavadova şəhid Aqşin Abdullayevə həsr edilmiş kitabı nazir müavininə hədiyyə edib.

Daha sonra Həsən Həsənli son illərdə yeni təyinat almış ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili baxımından qarşıda duran hədəf və istiqamətlər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.

Həsən Həsənli səfər çərçivəsində vətəndaş qəbulu da keçirib. Vətəndaşların müraciətləri işlə təmin olunma, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı olub.  
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ olaraq araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.


Xəbər xətti