Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Zaqatala rayonu, Dağlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Nazim Həsən oğlu Qarayevə məxsus "Röya" şadlıq evində planlı yoxlama keçiriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya-gigiyena norma və qaydalarına əməl olunmadığı aşkarlanıb.
Belə ki, obyektdə çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, döşəmə və divar səthlərinin təmirsiz olduğu, istifadə edilən alət və avadanlıqların təmizlənməsi üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və sair nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul olunub. Habelə pozuntuların aradan qaldırılması istiqamətində sahibkarlıq subyektinə dəstək göstərilib, maarifləndirmə işləri həyata keçirilib, metodiki tövsiyələr verilib.