Yeni Kaledoniyada polis iki nəfər güllələyərək öldürdü

10:31 - 19 Sentyabr 2024 - DÜNYA

Fransanın xaricdəki ərazisi olan Yeni Kaledoniyada polis əməliyyatı zamanı iki nəfər güllələnib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır, ancaq əməliyyatın bu ada ərazisinin Fransadan müstəqilliyini müdafiə edən yerli Kanak xalqının “istehkam”ı sayılan Sen-Lui kommunasında gecə vaxtı həyata keçirildiyi məlum olub.
İddialara görə, polis kommuna yaxınlığındakı yolda asayiş keşikçilərinə atəş açmaqda və silahlı quldurluqda şübhəli bilinən 10-a yaxın şəxsi axtarır.
Lakin onlardan hər hansı birinin saxlanılıb-saxlanılmaması dəqiqləşdirilmir.

Ölənlərdən biri kanakların nümayəndəsidir, ikincinin kimliyi hələlik açıqlanmır. Birincinin ölümü ilə bağlı məlumat ortaya çıxandan sonra yerli sakinlər etiraz etmək üçün küçələrə axışıblar. Polis gözyaşardıcı qazdan istifadə edərək nümayişi yatırıb. Bununla əlaqədar hakimiyyət yaxın günlərdə komendant saatını uzatmağı planlaşdırır.

Son hadisələri nəzərə alsaq, 2024-cü ilin yazında Yeni Kaledoniyada etirazlar başlayandan ölənlərin sayı 13 nəfərə çatıb.

Xəbər xətti