Sevgilisini döyən şəxs dostunu da bıçaqladı - HÖKM

09:23 - 19 Sentyabr 2024 - HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fuad Səmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, Fuad Səmədovun barəsində həbs qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, hadisə 06 noyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Fuad Səmədov sevgilisi Nərgiz Fərəcova (şərti) ilə qadının evində yaşayıb. Həmin gün təqsirləndirilən şəxsin dostu, zərərçəkmiş Elmar Tahirov (soyadı şərti) onlara qonaq gəlib. Söhbət zamanı qadın Fuada ondan ayrılmaq istədiyini bildirib. Mübahisə zamanı Fuad Nərgizi döyməyə başlayıb. Bu zaman otaqda olan Elmar təqsirləndirilən şəxsin qarşısını alaraq sakitləşdirmək üçün onun sifətinə şillə vurub. Fuad isə zərərçəkmişə etiraz edərək mətbəx otağında ələ keçirdiyi bıçaqla Elmarın qarın nahiyəsinə 1 zərbə endirilib.

Hadisədən sonra Fuad Səmədov saxlanılaraq istintaqa cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
 

Xəbər xətti