Sentyabrda havanın temperaturu normadan yüksək olub 

15:10 - 13 Sentyabr 2024 - ÖLKƏ İÇİ

2024-cü ilin sentyabr ayının ötən günləri ərzində havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub. 

Ucnoqta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib. 

Rəsi müavini qeyd edib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 sentyabr tarixində 35 dərəcə isti, bölgələr üzrə isə 2-3 sentyabr tarixlərində Naxçıvan MR-da 38 dərəcə isti müşahidə olunub.

O bildirib ki, sentyabr ayının ötən dövrü ərzində əksər bölgələrdə yağmursuz hava şəraiti müşahidə olunsa da, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağıntı qeydə alınıb. Ümumilikdə bölgələr üzrə 5 gün yağıntılı hava şəraiti olub. Ən çox yağıntı Balakən-Şəki bölgəsinə düşüb. Həmçinin, 13 sentyabr tarixində Şahdağın 3500 metrdən yüksək olan dağlıq ərazilərinə qar yağıb: 

“Sentyabr ayının ötən dövrünün bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 2 gün, bölgələrdə isə 8 gün küləkli olub, küləyin maksimal sürəti Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib”. 

G. Abbasovanın sözlərinə görə növbəti bir həftə ərzində də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin 14-də və 17-də səhər saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir. 

Bölgələrdə də növbəti bir həftə ərzində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Temperatur gecə 18-23 dərəcə, gündüz 28-33 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 isti olacağı ehtimal edilir. 

Xəbər xətti