Şəkidə 6 nömrəli məktəb yenidən təşkil edilir

12:21 - 30 Avqust 2024 - ÖLKƏ İÇİ

Şəki şəhər 6 nömrəli tam orta məktəb yenidən təşkil edilərək fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirəcəkdir.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, məktəbin yenidən təşkil edilməsində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər üçün daha keyfiyyətli təhsil imkanları yaratmaq və onların inkişafı üçün əlverişli sosial-psixoloji mühiti təmin etməkdir. Yenidən təşkil edilən məktəbdə şagirdlər tam orta təhsil səviyyəsində uğur qazanmaları üçün mükəmməl şərait və müasir tədris metodları ilə təmin olunacaq.

Məktəbdə tədris prosesi şagirdlərin maraqlarına və qabiliyyətlərinə uyğun olaraq təmayül tədris planları əsasında təşkil ediləcək. Bu tədris planları şagirdlərin dərinləşdirilmiş biliklərə yiyələnmələrinə və gələcəkdə ixtisas seçimi üçün daha yaxşı hazırlanmasına kömək edəcək. Eyni zamanda burada tədris prosesini həyata keçirən pedaqoji heyət yüksək akademik göstəricilərə malik, təcrübəli və peşəkar müəllimlər arasından seçiləcək.

Məktəbə şagirdlərin qəbul qaydaları, tədris prosesinin xüsusiyyətləri və digər vacib məlumatlar barədə ətraflı məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcəkdir.

Xəbər xətti