Siyəzəndə hüquqi maarifləndirmə tədbiri keçirildi

14:32 - 24 Avqust 2024 - ÖLKƏ İÇİ

23 avqustda “Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən Siyəzən rayonunda “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin müdafiəsi” adlı layihə çərçivəsində tədbir keçirilib. Tədbir Gənclər Mərkəzində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub.

Layihə rəhbəri Xəyal Bəşirov tədbiri giriş nitqi ilə açaraq iştirakçılara layihənin mahiyyəti, əhəmiyyəti, tətbiqi xüsusiyyətləri və əldə oluna biləcək müsbət nəticələri barədə ətraflı məlumat verib. O, layihə barədə məlumat verərkən bununla bağlı dünya ölkələrininin təcrübəsi, qəbul edilmiş beynəlxalq sənədlərin tələblərini iştirakçıların diqqətinə çatdırıb.

Bundan sonra tədbirdə layihənin icrasına cəlb edilmiş ekspertlər çıxış edərək “Hüquqpozmalar barədə məlumatvermə və belə məlumat verən şəxslərin müdafiəsi” mövzusu üzrə əhəmiyyətli məqamlar barədə məlumat verib.

Ekspert Şaban Nəsirov hüquqpozmalar barədə məlumatvermənin korrupsiya hüquqpozmalarının qarşısının alınmasında rolu barədə məsələlərə aydınlıq gətirmiş, habelə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamını diqqətə çatdırmaqla milli fəaliyyət planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrıldığını söyləyib. O, həmçinin dövlət başçısı tərəfindən 2013-cü il 22 noyabr tarixində imzalanan “İctimai iştirakçılıq haqqında” Qanunun korrupsiyaya qarşı mübarizə üçün effektli yollar açdığını bildirib.

Qeyd etdi ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, vətəndaşların dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Ekspert eyni zamanda Qanunda bəzi boşluqların olduğunu, bununla belə ictimai şuranın nüfuzunun artırılması üçün qanuna düzəlişlər edilməsi barədə təkliflərin hazırlandığını bildirib.

Ekspert Ramal Ağayev isə dövlət və özəl sektordakı təşkilatlar tərəfindən məlumatvermə sisteminin tətbiqinin ictimai maraqların qorunmasında, hüquq və azadlıqların müdafiəsində, sağlam sosial mühitin qurulmasında əhəmiyyəti, həmçinin hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi, onun təmin olunmasının zəruriliyi, hüquqi və praktiki müdafiə mexanizmləri barədə geniş məlumat vermiş, mövzu ilə əlaqədar digər məsələlərə toxunub.

Yekunda mövzu ətrafında tədbir iştirakçıları arasında geniş fikir mübadiləsi aparılıb.


Xəbər xətti