Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədirliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkən tərəf vəsatət qaldırıb.
Zərərçəkən tərəfin vəkili şahid qismində tanınan Əlisəfa Zeynalovun məhkəməyə məcburi gətirilməsini, ifadə verməsini tələb edib: "Hadisə aprelin 6-da baş verib. Ancaq 8 gün sonra Əlisəfa ipoteka ilə aldığı evin borcunu bağlayıb. Onun xəstə olduğu üçün prosesə gəlməməsi və xəstəlik arayışı əsassızdır”.
Təstiqləndirilən şəxs Mustafa Zeynalov çıxışı zamanı Ə. Zeynalovun həqiqətən xəstə olduğunu və müalicə aldığını hakimə bildirib.
Qeyd olunub ki, məhkəmə Ə. Zeynalovun prosesə məcburi gətirilməsi qərarı çıxarsa da, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəməyə gətirmək mümkün olmayıb.
Məhkəmə yenidən məcburi məhkəməyə gətirmə qərarı çıxarıb.
Proses sentyabrın 26-da davam edəcək.
Qeyd edək ki, hadisə ötən il aprelin 6-da Nardaran qəsəbəsində baş verib. İttihama görə, Mustafa Zeynalov və onun qohumu Namiq Əliyev pul mübahisəsi zəminində 69 yaşlı biznesmen Kamran Bəkirova xəsarət yetirməklə qəsdən öldürüblər.
Onlar K.Bəkirovun meyitini gizlətmək məqsədilə “Ləhiş bağları” ərazisindəki su quyusuna atıb, onun 285 min manatını götürərək hadisə yerindən qaçıblar.
Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham verilib.
Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq Əliyev isə bankda çalışıb.