Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

13:14 - 14 Avqust 2024 - ÖLKƏ İÇİ

Avqustun 15-də günün birinci yarısında, 16-da isə gün ərzində Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 15-dən 17-si gündüzədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 15-də axşamdan 16-sı səhərədək əksər rayonlarda yağıntıda fasilə olacaq.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Xəbər xətti