Qəbələdə “Bir Peşənin Sirri” festivalı keçirilib - FOTO

22:37 - 10 Avqust 2024 - ÖLKƏ İÇİ

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələdə 3000-dən çox şəxsin iştirakı ilə “Bir Peşənin Sirri” festivalı keçirilib.

Ucnoqta.az xəbər verir ki, festivalın açılışı rəsmilərin çıxışları ilə başlayıb. Çıxışlar zamanı peşə təhsilinin ölkənin iqtisadi inkişafındakı strateji rolundan, gənclərin məşğulluq imkanlarının artırılması və peşə təhsilinə olan marağın yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub.

Festivalda qonaqlara Qəbələ, İsmayıllı, Qax, Şəki və Kürdəmiri təmsil edən peşə təhsili müəssisələrinin turizm, mədəniyyət, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Festivalda həmçinin region üzrə peşə təmayüllü siniflərin şagirdlərinin də əl işlərindən ibarət sərgi də nümayiş etdirilib. Bununla yanaşı tədbir iştirakçıları üçün əyləncəli oyunlar, viktorinalar keçirilib. Peşə təhsil müəssisələri tərəfindən keçirilən yarışların qalibləri dəyərli hədiyyələrlə mükafatlandırılıb. Həmçinin tədbir iştirakçıları müxtəlif peşələrin sirri ilə bağlı maraqlı məlumatlar əldə ediblər.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir.


Xəbər xətti