"Bir neçə gündür ki, "Bakıkart" xidmətinə aid mobil tətbiq və veb-resursun əlçatan olmadığı müşahidə olunur. Ümumiyyətlə Bakıkart ictimai nəqliyyat sahəsində altenativsiz bir kartdır və bu istiqamətdə həmin adıçəkilən məhsulun mobil tətbiqinin və ya veb-resursunun əlçatan olmaması ölkədə vətəndaşların rəqəmsal mühitə olan inamını azaltmaqdadır".
Bu barədə Ucnoqta.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov danışıb.
Elvin Abbasov bildirir ki, bu xırda bir əməliyyatdır:
"Karta ödəniş edib keçid təmin etmək çox böyük iş axını deyil. Burada mobil tətbiq və veb-resursun əlçatan olmaması təbii ki, insanlar arasınd narahatçılıq yaradır. Çünki rəqəmsal dövrdə mühitdə yaşayırıq. Bu kimi xırda əməliyyatların problem səbəbi ilə 3-5 gün dayanması ümumi narazılığa səbəb olur və kifayət qədər insan bu barədə sorğu göndərir, narahatçılığını bildirirlər.
Mütəxəssis qeyd edir ki, nəqliyyat sahəsinə ümumi yanaşma olmalıdır:
"Hər bir xidmətin ayrı mobil tətbiqi və veb resursu olmamalı idi. Bunlar vahid bir yanaşma müstəvisində həll olunmalı idi. Hətta yaxşı olardı ki, bu istiqamətdə fintek xidməti göstərən təşkilatlara verilsin. Bu keçid xidmətləri fintek şirkətlərə aid mobil tətbiqlərdən insanlar həyata keçirsin. Çünki hər bir xırda əməliyyat üçün mobil tətbiq və veb-resurs yaratmaq ümumiyyətlə mahiyyət kəsb etmir. Bu o zaman əhəmiyyətli olardı ki, dayanıqlı xidmət olsun. Hal-hazırda insanlar yaranan texniki problemdən kifayət qədər narazıdır. Problemin ən qısa zamanda həllini tapacağını istərdik".
AİKTSA sədri Azərbaycanda ictimai nəqliyyat sahəsində vahid bir yanaşma olacağını ümid etdiyini bildirib.