Yenikənd-Biləsuvar yolunun tikintisi sürətlə davam edir - VİDEO

13:32 - 8 Avqust 2024 - ÖLKƏ İÇİ

Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə əsaslı şəkildə tikintisi davam edir.

2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.

Hazırda layihə çərçivəsində torpaq işləri, ərazinin profilə salınması, yol yatağı və yol əsasının inşası aparılır. Yol əsası hazır olan hissələrdə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir. 

Belə ki, aparılan işlər çərçivəsində sözügedən yolun təqribən 51 km-lik hissəsində torpaq işləri tam olaraq yekunlaşdırılıb və 2 laydan (15+7sm) ibarət yeni asfalt-beton örtüyü döşənib. Hazırda 3-cü lay (aşınma) asfalt örtüyünün döşənməsi işləri icra olunur. Yolun qalan 20 km-lik hissəsində isə torpaq işləri (yol yatağı və yol əsasının tikintisi) davam etdirilir. 

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də yekunlaşıb. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 69 dairəvi və 5 düzbucaqlı suötürücü boru inşa edilib 

Layihə üzrə 7 körpünün inşası son mərhələdə olmaqla davam etdirilir. Körpülər 34.2, 41.4, 43.2 və 90.2 metr olmaqla ümumi uzunluqları 338.6 metr təşkil edir. 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq. 


Xəbər xətti